BAKI, 31 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Hesablama Palatası haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, indiyədək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdi.
Dəyişikliklə isə inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərə biləcək.
Sənəd səsə qoyularaq qəbul edilib.