Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Kürdüstan fiaskosu" və ya Bərzani niyə "yıxıldı"?

© AFP 2024 / Marwan IBRAHIMİraqın Kərkük şəhərində qaldırılmış İraq və Kürdüstan bayraqları
İraqın Kərkük şəhərində qaldırılmış İraq və Kürdüstan bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
"Onlar gedəcəklər, kürdlər isə türklər, ərəblər və farslarla bir yerdə yaşayacaqlar"

BAKI, 31 oktyabr — Sputnik. "Məsud Bərzaninin istefa verməsinə səbəb, yeritdiyi yanlış siyasətdir. Regionda yad qüvvələrin gücünə arxalanan şəxslərin sonu məhz belə olur".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl deyib. Şimali İraqdakı regional rəhbərliyin lideri Məsud Bərzaninin istefasını dəyərləndirən professor bildirib ki, Bərzaninin bu günədək hakimiyyətdə qalması Türkiyənin sayəsində mümkün olmuşdu.

© Sputnik / Murad OrujovToğrul İsmayıl
Toğrul İsmayıl - Sputnik Azərbaycan
Toğrul İsmayıl

"Ankaranın onu dəstəkləməkdə məqsədi İraqın şimalındakı qarışıqlığı önləmək idi. Çünki kürd xalqının idarə edilmə tərzi olduqca fərqlidir. Fərqli əşirətlər, millətçi təbəqələr və s. Bunları bir araya gətirmək çox çətindir. Ancaq Türkiyə bunu bacardı. Bərzani və Təlabani ailəsini barışdıraraq onlar arasında sülh yaratdı. Və kürdlərin Avropaya çıxışını təmin etdi" — T. İsmayıl bildirib.

O, Bərzani hökumətinin son vaxtlar uydurma vədlərə söykənərək yanlışlığa yol verdiyini söyləyib: "Son vaxtlar Məsud Bərzani bəzi kənar qüvvələrin boş vədləri ilə səhv addımlar atdı, müstəqillik referendumu keçirdi. Türkiyə kimi, İran kimi, bölgənin aparıcı dövlətlərinin məsləhətinə qulaq asmadı. Nəticəsi göz qabağındadır. İdarə etdiyi xeyli sayda ərazini də itirmiş oldu".

"Güvəndiyi ölkələrin heç biri onun arxasında durmadı. Bərzani təkbaşına çox zəifdir. Əvvəllər Türkiyə onu dəstəklədiyi üçün İraq hökuməti ona dəymirdi. Ancaq Ankara geri çəkiləndə Bərzani meydanda tək qaldı. Başqasının gücünə arxalananın sonu məhz belə olmalı idi" — professor vurğulayıb.

"ABŞ, Avropa dövlətləri regiondan uzaqdır. Bu gün burda olsalar da, sabah çıxıb gedəcəklər. Kürdlər isə daim türklər, ərəblər, farslar və digər bölgə xalqları ilə birgə yaşayacaqlar" – ekspert əlavə edib.

© SputnikQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

Mövzunu Sputnik Azərbaycan-a keçmiş dövlət müşaviri Qabil Hüseynli də dəyərləndirib. O, regionda yeni böyük müharibə ehtimalından danışıb: "Kürd qruplar arasında ciddi gərginlik müşahidə olunur. İstefa verən Məsud Bərzaninin tərəfdarları parlament, o cümlədən müxalif partiyaların binalarına hücumlar edirlər".

"Ancaq mən hesab edirəm ki, hazırkı durumda təxribatların qarşısı alınacaq. Hələlik İraq ordusu və İranın dəstək verdiyi Haşdi-Şabi dəstələri birgə keçirdikləri hərbi əməliyyatları dayandırıblar. Ancaq kürdlərin yaşadıqları regionda vəziyyət gərginləşərsə, İraq ordusu İranla birgə genişmiqyaslı əməliyyata başlayacaq. Bu da bölgədə böyük müharibənin başlaması deməkdir" — Qabil Hüseynli bildirib.

Xatırladaq ki, dünən İraqın şimalındakı regional rəhbərliyin lideri Məsud Bərzani istefa verib. O, istefa məktubunu parlamentə təqdim edərək, noyabrın 1-də bitəcək vəzifə səlahiyyətlərinin müddətinin uzadılmamasını istəyib.

Məsud Bərzani istefa məktubunda qeyd edib ki, ABŞ-ın göz yumması səbəbilə və bəzi kürd siyasilərin satqınlığı ucbatından İraq ordusu Kərkük, Süleymaniyə, Mosul və digər şəhərləri peşmərgədən geri alıb.

İstefadan bir neçə saat sonra, İraqın şimalındakı regional rəhbərliyin mərkəzi olan Ərbil şəhərində, parlamentin yaxınlığında atışma baş verib. Məsud Bərzaninin tərəfdarları parlamentə hücum ediblər. Kürd polisi hücumun qarşısını çətinliklə də olsa, ala bilib.

Bərzani tərəfdarları daha sonra, Duhok vilayətində yerləşən "Kürdüstan Yurdsevərlər Birliyi" partiyasının qərargahını yandırıblar. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Xəbər lenti
0