BAKI, 31 oktyabr — Sputnik. Azərbaycanla Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda ölkələrimiz arasında bağlanmış ikitərəfli Sazişin tələblərinin icrası ilə bağlı Bakıda Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının növbəti iclası keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2018-ci ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq Protokol imzalanıb.
Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Türkiyə nümayəndə heyətinə Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsinin rəisi Saim İlçioğlu rəhbərlik edib.