BAKI, 30 oktyabr — Sputnik. İspaniyanın Kataloniya Muxtar Əyalətinin hökumət başçısı Karles Puçdemonun ölkədən qaçdığı ehtimal olunur.
Yerli La Sexta telekanalı İspaniya DİN-ə istinadən xəbər verir ki, Puçdemon Belçikaya gedib.
La Sexta həmçinin Puçdemonun flamand siyasətçilərlə siyasi sığınacaq məsələsini müzakirə etdiyini istisna etməyib.
Maraqlıdır ki, dünən belçikalı nazir Teo Franken Puçdemon üçün qapılarının açıq olduğunu, ona sıyasi sığınacaq verilə biləcəyini bildirmişdi. İspaniya dövlət prokuroru isə bu gün Kataloniyanın keçmiş rəhbərliyinə qarşı iddia qaldırıb. Eks-rəhbərlik qiyamda, dövlət quruluşunun dəyişməsinə çağırışda və dövlət vəsaitlərindən sui-istifadədə günahlandırılır. Bu ittihamlara görə Puçdemon 30 ilədək azadlıqdan məhrum edilə bilər.
Bu gün Kataloniya Muxtar Əyaləti parlamenti İspaniya hökuməti tərəfindən buraxıldığını qəbul edərək yeni növbədənkənar seçkilərədək fəaliyyətini dayandırıb.
Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik haqqında qətnamə qəbul edib. Elə həmin gün İspaniya hökuməti əyalət parlamentinin buraxıldığını elan edib. Əyalət hökumətinin başçısı Karles Puçdemon vəzifədən kənarlaşdırılıb və muxtariyyətə rəhbərlik İspaniya baş nazirinin müavini Mariya Soraya Saens de Santamariya Antona tapşırılıb.