Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 29 oktyabr – Sputnik. Lənkəran Təhsil İdman Mərkəzinin idmançıları növbəti beynəlxalq turnirdə əla nəticə əldə ediblər. Sputnik Azərbaycan-ın Cənub bürosunun əldə etdiyi məlumata əsasən, Rusiya Federasiyasının Tolyatti şəhərində qızlar və oğlanlar arasında keçirilən “Nepobedimaya derjava” adlı III Taekvondo turnirinə qatılan 6 Lənkəran taekvondoçusu 7 medal qazanıb.
Yarışın elə ilk günü lənkəranlı taekvondoçular üçün uğurlu olub. Belə ki, 2000-2002-ci il təvəllüdlü gənclər arasında keçirilən yarışlarda 55 kq çəki dərəcəsi üzrə Sultan Fərid 1-ci yeri, 48 kq çəki dərəcəsi üzrə Rzazadə Kənan 2-ci yeri, 55 kq çəki dərəcəsi üzrə qızların yarışında Hüseynli Qönçə 2-ci yeri və 59 kq çəki dərəcəsi üzrə Əskərli Bahadır 3-cü yeri tutublar.
Bu gün isə 2000-ci il təvəllüdlü və daha yuxarı yaş qrupları üzrə keçirilən yarışda Bağırlı Samid 1-ci yerə (54 kq), Cavadlı Samir 1-ci yerə (58 kq) və Sultan Fərid 2-ci yerə (54 kq) çıxıblar.
Ümumilikdə Lənkəran Təhsil İdman Mərkəzini təmsil edən taekvondoçular 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. Qeyd edək ki, sözügedən yarış 27-30 oktyabr tarixlərində keçirilir.