Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 28 oktyabr — Sputnik. Bir neçə həftə öncə Taxtakörpü-Ceyranbatan su kanalının 53,6-cı km-də — Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində alt paltarında meyiti tapılan naməlum kişinin kimliyi hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunub.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, kanaldan tapılan meyit Şabran rayonunun Ağalıq kənd sakini,1963-cü il təvəllüdlü Əlisultan Əhmədovdur. Şabran rayonunda müəssələrdən birində gözətçi işləyən Ə.Sultanov evdən çıxmış və bir daha evə qayıtmamışdı.
Ailəsi onun itkin düşməsi ilə bağlı Şabran Rayon Polis Şöbəsinə avqust ayının 5-də müraciət edib. Oktyabr ayının 5-də isə Taxtakörpü-Ceyranbatan su kanalının 53,6 cı km-də —Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində alt paltarında naməlum kişi meyidi tapılıb.
Uzun araşdırmalardan sonra Taxtakörpü-Ceyranbatan su kanalından tapılan meyitin itkin düşən şəxs olduğu məlum olub.
Meyit artıq ailəsinə təhvil verilib və dəfn olunub.
Şabran sakininin hansı səbəbdən Taxtakörpü-Ceyranbatan su kanalına düşməsi faktını hazırda Xızı rayon prokurorluğunda araşdırılır. Bu araşdırmaların nəticəsində hadisənin qətl və ya intihar olması məlum olacaq.