Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 27 oktyabr — Sputnik. Havaların soyuması bölgələrdə fəaliyyət göstərən təhsil ocaqlarının qış mövsümünə hazır olub-olmaması məsələsini aktuallaşdırıb. Paytaxt məktəblərindən fərqli olaraq, rayonlardakı təhsil ocaqlarında mərkəzləşdrilmiş istilik sistemləri mövcud deyil.
Cəbhə bölgəsi olan Tərtər rayonunda 47 məktəb fəaliyyət göstərir. Bu məktəblərdən 30-nun sinif otaqları bu günə kimi də odun sobaları ilə qızdırılır. Belə məktəblərdən biri də cəbhə xəttinin, təqribən 4 km-də yerləşən, 398 şagirdin təhsil aldığı, Tərtərin Qaradağlı kənd orta məktəbidir.
Yaşar Quliyev adına olan təhsil ocağının binası, 1977-ci ildə istifadəyə verilib. Məktəbin direktoru Eldəniz Ələsgərovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, keçmiş ittifaqın son illərinə qədər məktəbdə mərkəzləşdirilmiş istilik sistemi mövcud olub. Amma SSRİ dağılan ərəfədə həmin istilik sistemi sıradan çıxıb. Elə o dövrdən də, qış aylarında sinif otaqlarının isidilməsində dədə-baba üsuluna keçilib və odun sobalarından istifadə edilir.
Ötən mövsüm binanın cari təmiri zamanı isə, sovet dönəmindən qalan istilik radiatorları sökülərək, lazımsız metal kimi məktəbin həyətyanı sahəsinə yığılıb. Müsahibimiz deyir ki, yanacaq kimi istifadə etdikləri odun sarıdan çətinlik yoxdur, amma məktəbin qızdırılması üçün müasir istilik sisteminin quraşdırılması təhsil ocağı üçün vacib amildir.
"Məktəbin qış mövsümündə, təqribən 31,8 kubmetr oduna tələbatı var və odunla tam təmin olunuruq. Nəzərdə tutulub ki, Tərtər Regional Təhsil İdarəsinin xətti və QHT-lərdən birinin dəstəyi ilə məktəbin bir korpusu müasir istilik sistemi ilə təchiz olunsun. Mənə belə gəlir ki, növbəti yay tətilində bu işlər başlanacaq və yeni təhsil ilinə qədər yekunlaşacaq" — direktor bildirir.
Müsahibimiz onu da əlavə edir ki, ötən mövsüm cari təmir zamanı sinif otaqlarının böyük bir qisminə taxta döşəmə vurulsa da, məktəbdə hələ də beton döşəməli sinif otaqları da var. Rayonun cəbhə xəttində yerləşməsi və sözügedən çətinliklərə baxmayaraq, direktor verilən təhsilin nəticəsindən razılıq edir. Onun sözlərinə görə, son 5 ildə məktəbin 60 şagirdi yüksək imtahan balı ilə respublikanın müxtəlif ali məktəblərinə qəbul olublar.
Rayonun 17 məktəbində isə təbii qaz, maye yanacaq və elektriklə işləyən müasir istilik sistemləri quraşdırılıb. Belə məktəblərdən biri də elə Qardağlı kəndi ilə həmsərhəd olan Gəngərli kəndindəki məktəbdir.
Şəhid Sərdar Zeynalov adını daşıyan olan məktəbin binası 2012-ci ildə istifadəyə verilib. Hazırda 177 şagirdin təhsil aldığı məktəbdə maye yanacaq vasitəsiylə işləyən qazanxana mövcuddur. Təhsil ocağının rəhbəri İmran Məmmədovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə qış fəslinin başlaması ilə əlaqədar, yəni noyabr ayının 15-də istixana tam gücü ilə fəaliyyətə başlayacaq.
"Bizim məktəb 1923-cü ildən ibtidai məktəb olaraq fəaliyyətə başlayıb. 1965-ci ildə ümumi, 1986-cı ildə tam orta məktəbə çevrilib" — Məmmədov danışır.
Onun sözlərinə görə, yeni bina istifadəyə verilməmişdən əvvəl keçmiş bəy evlərindən birinin binası məktəb üçün uyğunlaşdırılıbmış: "Ərazidə əlavə sinif otaqları da tikilmişdi. O vaxt məktəbi odunla qızdırırdıq. Çətin idi. Amma indi bütün sinif otaqlarında müasir istilik sistemi quraşdırılıb. Həftə ərzində 1 ton maye yanacaq sərf edilir. Aprel ayının sonuna qədər də qazanxana işləyəcək".
Tərtər Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirildi ki, məsələ gündəmdədir, rayon məktəblərinin müasir istilik sistemləri ilə təmin olunması dövlət proqramına salınıb və 2019-cu ildən prosesə başlanacaq.