BAKI, 26 oktyabr — Sputnik. Nəsimi rayon Polis İdarəsində səhər saat 5-də zorlama faktı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanları məlumat verib.
Belə ki, oktyabrın 25-də sözügedən rayonun 19-cu polis bölməsinə 1993-cü il təvəllüdlü Tovuz rayon sakini Rəna Məhərrəmova (ad etik məsələlərə və istintaq maraqlarına görə dəyişdirilib — red.) müraciət edib. O, bildirib ki, həftənin 3-cü günü səhər saat 05:00-da yaşadığı kirayə evdə Anar adlı tanışı tərəfindən zorlamaya məruz qalıb. Qızın polisə dediyinə görə, oğlanı yanına özü buraxıb. Amma düşünməyib ki, tanışı olan və etirbar edib otağını bölüşdüyü oğlan onu zorlayar.
İşin materialları Nəsimi rayon prokurorluğuna göndərilib. Lakin faktla bağlı şübhəli şəxs saxlanmayıb.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu ay ərzində paytaxtda 5 zorlama hadisəsi qeydə alınıb. Onlardan 2-nin üstü açılıb.