Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsinin qüvvədə qalma müddəti 2021-ci ilədək uzadılır". Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə danışıb.
O deyib: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsinin qüvvədə olma müddəti bu ilin noyabr ayında bitir. Ona görə də, qanunun vaxtı uzadılır. Həmçinin, qanun layihəsinə qida məhsullarının təhlükəsizliyi və dərman vasitələrinin keyfiyyət qaydalarına riayət edilməsi ilə bağlı yeni maddə əlavə edilir. İndiyədək belə yoxlamalar yox idi. Lakin əsassız yoxlamalar olmamalıdır".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a açıqlamasında, 2015-ci ildə qəbul edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanundan əvvəl ölkə üzrə yoxlamaların sayının, təxminən 130 mindən çox olduğunu deyib: "Son 2 il ərzində isə yoxlamaların sayı 130-140-a düşüb. Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddətinin 2021-ci ilədək uzadılmasının mahiyyətində qeyri-neft sektorunun davamlı inkişafına nail olmaq, sahibkarlıq subyektlərində əsassız yoxlamaların qarşısını almaq və sahibkarların səmərəli fəaliyyətini təmin etmək dayanır".
Onun sözlərinə görə, beynəlxalq aləmdə yüksək rəqabət var və ona görə də Azərbaycan rəqabətli sahibkarlıq subyektlərinə malik olmalıdır: "Rəqabəti təmin edən məsələlərdən biri də bürokratik əngəlləri, həmçinin, tənzimləyici qurumların sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxiləsini minimuma endirməkdir. Çünki bütün bu müdaxilələr sahibkarlıq subyektini gəlirlilik mahiyyətindən uzaqlaşdırır və o, daha çox yoxlama predmeti ilə məşğul olmağa başlayır. Sahibkar bununla bağlı resurs, vaxt sərf edir. Belə olan halda, bu, biznes subyektlərinin rəqabət sahəsində geri qalmasına, onların gələcək fəaliyyətində problemlərin yaranmasına gətirib çıxardır. Bu da müəssisələrin dayandırılması ilə nəticələnə bilər".
"Məqsəd odur ki, bazarda daha çox subyekt fəaliyyət göstərsin və fəal olsunlar. Nəticədə, gəlirlilik artsın, əhalinin rifah halı yaxşılaşsın. Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılması sahibkarlığın davamlı inkişafına töhfədir" – deyə o bildirib.
Qida məhsullarının təhlükəsizliyi və dərman vasitələrinin keyfiyyət qaydalarına riayət edilməsinə gəlincə isə, Atakişiyev qeyd edib ki, yoxlamaların aradan qaldırılması prosesi çərçivəsində xüsusilə dərman sahəsində sui-istifadə halları yaranıb: "Dərman sektorunda sahibkarlıq marağından daha çox, əhalinin sağlam həyat tərzinin qorunub saxlanması, əhalinin sağlamlığına mənfi təsir edən hallarla mübarizə aparmaq prioritetdir. Ona görə də dərman sahəsində gələcəkdə tənzimləmələrin artırılması, mahiyyət etibarı ilə dövlətin digər bir vəzifəsinin aktuallığından irəli gəlir".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, yoxlamaların məhdudlaşdırılması sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsinə, ümumiyyətlə, ölkədə işgüzar fəallığın artırılmasına xidmət edən qərardır: "Artıq son aylarda bu istiqamətdə müsbət effekti müşahidə etdik. Gördük ki, müəyyən qədər bu qərarlar sahibkarlığa müsbət təsirini göstərib".
"Lakin bununla belə, qida məhsullarının təhlükəsizliyi və dərman vasitələrinin keyfiyyət qaydalarına riayət edilməsi ilə bağlı dövlətin müvafiq orqanları tərəfindən yoxlamalar təşkil olunmalıdır. Çünki bu prosesin həyata keçirilməməsi güclü əks effekt verə bilər. Hazırki iqtisadi turbolentlik şəraitində bir çox sahibkarlar keyfiyyət baxımından daha zəif məhsulların bazara çıxarılmasına meyllənə bilərlər. Buna isə yol vermək olmaz və dövlət heç bir halda buna imkan verməməlidir" — Məmmədov vurğulayıb.
Professorun qənaətincə, ümumilikdə sahibkarlıq fəaliyyətinin inkişafı, işgüzar fəallığın artırılması üçün yoxlamaların məhdudlaşdırılmasından başqa, daha çox sistemli və kompleksli tədbirlərə əl atılmalıdır: "Bu, ilk növbədə ölkədə rəqabət mühitinin formalaşdırılması və əsasən daxili bazarların, o cümlədən istehlak bazarının yerli məhsullarla təmin edilməsi, idxaldan asılılığın azaldılması və qeyri-neft sektorunun ixrac potensialının artırılması məsələləri olmalıdır".