BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Texniki Universitetində (AzTU) noyabr ayının 1-dən etibarən əmək haqları artırılacaq. AzTU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əmək haqları 100 AZN məbləğində artacaq.
Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq. Növbəti ayın 1-dən hesablanacaq artıma əsasən, universitetin ümumi əmək haqqı bazası 15 faiz çoxalacaq.
AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub.
Qeyd edək ki, AzTU-da əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.