BAKI, 26 oktyabr — Sputnik. Sentyabrın 25-də İraqın şimalında keçirilən müstəqillik referendumundan sonra ölkədə gərginlik səngimək bilmir. Son olaraq Kərkük və Süleymaniyə vilayətlərini kürd silahlılardan azad edən İraq ordusu, bu dəfə Mosulda peşmərgə ilə üz-üzə gəlib.
Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Mosulda ciddi silahlı qarşıdurma yaşanır. Məlumatı İraqın şimalındakı regional rəhbərliyin təhlükəsizlik komitəsi yayıb.
"İraq ordusu və Haşdi-Şabi silahlıları Mosul şəhərinin şimalından peşmərgənin mövqelərinə doğru hücuma keçib" — komitədən bildirilib.
Silahlı insident nəticəsində Haşdi-Şabi qruplaşmasına aid 2 tankın yararsız hala düşdüyü qeyd olunub. Xatırladaq ki, İraq ordusu dünən Mosulun şimalındakı Rabia sərhəd keçid məntəqəsini ələ keçirmişdi.