BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Adana şəhərində qəribə hadisə yaşanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı Şərəf Y. adlı yaşlı adam, evinə yaxın kafelərdən birinə gedərək içki içməyə başlayıb. Bu zaman, özünü Kaan kimi tanıdan bir nəfər şəxs, yaşlı kişiyə yaxınlaşaraq onunla söhbət edib. Şərəf Y. söhbət əsnasında evdə arvadı ilə yola getmədiyini, boşanmaq istədiyini, özünə yeni arvad axtardığını deyib.
O, Kaandan kömək istəyib. Kişi qiyafəsinə girən şəxs fürsəti qaçırmayıb. 42 yaşında ərsiz xalası olduğunu deyən Kaan, yaşlı adamla onu tanış edə biləcəyini söyləyib.
69 yaşlı təqaüdçü təkliflə dərhal razılaşıb. Daha sonra Kaan, adı Naz olan 42 yaşlı qadını Şərəf Y. ilə tanış edib. Yaşlı adam Nazla evlənmək istədiyini deyib. Naz da yox deməyib, ancaq evlilik üçün şərt qoşub. O, kişidən ona qızıl-zinət əşyaları almasını istəyib.
Şərəf Y. qızıl almağa nağd pulu olmadığını, ancaq avtomobilini satıb ala biləcəyini söyləyib. Yaşlı adam sahib olduğu avtomobili 61500 lirəyə (28 min manata) sataraq Nazla birlikdə qızıl mağazasına yollanıb. Ona 1200 lirə dəyərində qızıl, bilərzik və sırğa alıb. Yerdə qalan 60300 lirənin isə, yarısını corabına, yarısını da cibinə qoyub.
Kaan və Naz yaşlı kişinin pulunu oğurlamaq üçün onu meşə gəzintisinə dəvət ediblər. Meşədə gəzərkən Naz kişiyə onu masaj eləmək istədiyini söyləyib: "Gəl, səni masaj edim, evlilikdən əvvəl stresini at".
Şərəf Y. masaj olunmaq üçün soyunaraq yerə uzanıb. Naz kişini masaj edərkən, digər şəxs Kaan, kişinin corabından 42 min lirəsini (20 min manat), cibindən telefonunu oğurlayıb. Yaşlı adam müdaxilə etməyə çalışsa da, Naz və Kaan sürətlə hadisə yerindən qaçıb.
Polis bölməsinə gələn Şərəf Y. evlilik vədilə aldadıldığını, pulunun geri qaytarılmasını istəyib. Adana Şəhər Prokurorluğu təhlükəsizlik kameralarında qeydə alınan görüntüləri izləyərək əməliyyat başladıb. İlk əvvəl 42 yaşlı qadın həbs edilib. Onun əsl adının Naz yox, İnci G. olduğu üzə çıxıb.
Polis İnci G.-dən digər şəxsin, Kaan adlı kişinin yerini soruşub. Əsl gerçək də məhz bu zaman üzə çıxıb. Sən demə, Kaan kişi yox, 34 yaşlı Günəş C. adlı qadın imiş. İnci G. rəfiqəsi Günəşin kişiyə bənzədiyi üçün bu rola asanlıqla girə bildiyini söyləyib. Günəş C.-nin yerini öyrənən polis əməkdaşları daha sonra onu da həbs ediblər.