Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Şəki rayonunun Çeşməli və Öryət kəndlərində xoşagəlməz hadisə baş verib.
Çeşməli kənd sakini Oruc Məmmədovun təsərrüfatına hücum edən canavar onun bütün qoyunlarını parçalayıb. Təsərrüfat sahibinin sözlərinə görə, qoyunlardan 7-si bir neçə gün sonra bala verəcəkdi.
Çeşməli kəndindən bir neçə kilometr məsafədə yerləşən Öryət kəndində isə Xudaverdi İsmayılov və Sakit Şahmərdanovun təsərrüfatına soxulan canavarlar 1 baş qoyunu parçalayıb, 6 qoyunu isə yaralayıb. Kənd sakinlərinin bildirirlər ki, hər iki hadisə eyni saatda baş verib. Qeyd edək ki, kəndlər arasında məsafə 5 kilometrdən artıqdır. Bu da canavar sürülərinin birdən çox olmasını düşünməyə əsas verir.
Şəki rayon Baytarlıq İdarəsi tərəfindən hər iki kəndə baxış keçirilib, ərazilər dezinfeksiya olunub və tələf olmuş qoyunlar dərin quyu qazılaraq basdırılıb. Yaralı halda olan 6 baş qoyunun yaraları baytar həkimlər tərəfindən dezinfeksiya edilib və hazırda həmin qoyunlar da nəzarətdə saxlanılır.