BAKI, 26 oktyabr — Sputnik. Azərbaycanda özəl kanallardan birində erotik elementlər olan cizgi filminin yayımı dayandırılıb.
Bu barədə "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O qeyd edib ki, kanallarda, əsasən, xarici ölkə istehsalı olan cizgi filmləri nümayiş olunur: "Bir sıra hallarda yerli istehsal olan cizgi filmlərdən istifadə olunur. Belə cizgi filmlərinə çox vaxt dövlət büdcəsindən maliyyələşən telekanallarda rast gəlirik. Cizgi filmi seçimlərini kanalların uşaq redaksiyalarındakı mütəxəssislər edir və hazırda bununla bağlı ciddi bir problemlə qarşılaşmırıq. Ancaq əvvəllər bəzi problemlər olurdu. Belə ki, ilin əvvəlində "Space"in səhər efirində uşaqların dünya görüşünə, əqli, mənəvi inkişafına mənfi təsir göstərə biləcək cizgi filmlərinə rast gəlinmişdi. Həmin cizgi filmlərində erotik məqamlar — ehtiraslı öpüşmə, ehtiras doğuran rəqslər, bu rəqslərin təsirindən bihuş olma və s. var idi. Bu da, əlbəttə ki, uşaqlar üçün uyğun gəlmirdi. Daha sonra Şuranın müdaxiləsi ilə bu tip cizgi filmlərinin nümayişi dayandırıldı. Yaxşı olardı ki, kanallar cizgi filmini efirə verməzdən əvvəl onun məzmununa baxsınlar".
O, xarici cizgi filmlərinin kütləvi yayımının uşaqların milli adət-ənənələrimizdən uzaq düşməsinə gətirib çıxara biləcəyini və bunun köklü problem olduğunu əlavə edib: "Mən bu məsələdə kanalları günahlandırmaq istəmirəm. Yerli cizgi filmlərində isə keyfiyyətdən deyil, kəmiyyətdən narazıyıq. Ölkədə cizgi filmləri çox çəkilməlidir ki, kanallar da onları alıb efirə versinlər".