BAKI, 25 oktyabr — Sputnik. Bakıda piyada keçidində üç piyadanı eyni vaxtda vuran sürücünün görüntüləri, Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" kamerasına düşüb. Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, piyada keçidinə yaxınlaşan sürücü piyadalara yol vermək əvəzinə, onları vuraraq qaydaları kobud şəkildə pozub. Piyadalar yüngül xəsarət alsalar da, burada sürücünün kobud qayda pozuntusu aşkar görünür.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsinin I hissəsində qeyd olunub ki, "Sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir".