BAKI, 25 oktyabr — Sputnik. Ötən gün Bakının Nəsimi rayonu ərazisində lombarda edilən basqının təfərrüatları məlum olub.
Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonunun hüquq-mühafizə orqanları məlumat verib.
Məlum olub ki, oktyabrın 24-də saat 18:00 radələrində rayonun 3224 nömrəli kvartalı ərazisində, Əliyev küçəsində yerləşən lombarda Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Kamran Şəfayət oğlu daxil olub. Cavan oğlan əlində tapança tutaraq lombardın işçisi, 1984-cü il təvəllüdlü Əliyev Anar Rasim oğlunu fiziki güc tətbiq etməklə hədələyərək ondan pul və qızılları stolun üstünə qoymağı tələb edib. Bu zaman xidmətdə olan polis əməkdaşları arxadan Allahverdiyevə yaxınlaşıblar və onu zərərsizləşdiriblər.
Məlum olub ki, lombard işçisinin təhdid olunduğu tapança oyuncaq imiş. Lakin bu fakt saxlanılan şəxsin vəziyyətini yüngülləşdirmir. O, quldurluq faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.