İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 24 oktyabr — Sputnik. Bakı və Sumqayıtdakı ümumtəhsil müəssisələrində "Sağlam təhsil–sağlam millət" layihəsinin tətbiqi genişləndirilir. Pilot layihənin tətbiqinə 2014–2015-ci tədris ilindən başlanılıb. Layihənin məqsədi şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir.
Layihənin icrasına başlanılan zaman Bakının 5, Sumqayıt şəhərinin 1 ümumtəhsil məktəbində 15 "Sağlam təhsil sinfi" yaradılıb. Cari dərs ilindən isə 38 məktəbdə 168 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir.
4 ilə yaxındır ki, həyata keçirilən "Sağlam təhsil–sağlam millət" layihəsinin cəmiyyət tərəfindən necə qarşılandığı, bu layihənin uşaqlara hansı faydaları olduğu və digər bu kimi suallarla 132–134 nömrəli Təhsil Kompleksinə üz tutduq. Qeyd edək ki, bu təhsil ocağında layihə çərçivəsində 3 sinif fəaliyyət göstərir.
Valideynlərin övladlarının təhsili üçün müraciət etdikləri siniflər
Azərbaycan Tibb Universitetinin "Uşaq və yeniyetmələrin gigiyenası" kafedrasının müdiri, "Sağlam təhsil–sağlam millət" layihəsinin tibbi gigiyena blokunun gigiyena alt qrupunun rəhbəri Şəhla Balayevanın sözlərinə görə, bu layihə uşaqların təhsil aldıqları müddətdə sağlamlığının qorunması məqsədini daşıyır: "Uşaqların daha çox oturaq həyat tərzində təhsil almaları onların sağlam inkişafına mənfi təsir göstərir. Görmə qabiliyyətinin zəifləməsi, qamətin əyilməsi, uşaqların sinir-psixi inkişafında müəyyən problemlərin əmələ gəlməsi XIX əsrdə məktəb xəstəlikləri kimi tanınırdı".
Şəhla Balayevanın sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə müəyyən araşdırmalar aparıldıqdan sonra "Sağlam təhsil" siniflərinin yaradılmasına qərar verilib: "Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən 2500 uşaq əhatə olunmaqla müayinələr aparıldı və uşaqların fiziki sağlamlığında müəyyən dəyişikliklər baş verir. Məsələn, məktəbi bitirən uşaqların 45 faizində görmə qabiliyyətinin zəifləməsi, 40 faizində qamət problemləri müşahidə olunur. Bununla bağlı dünya üzrə statistikaya görə, uşaqların yalnız 2-15 faizi məktəbi tam sağlam bitirə bilir. Bütün bu problemləri nəzərə alaraq, məktəbi bitirən uşaqların psixi, fiziki və sosial baxımdan daha sağlam böyümələri üçün "Sağlam təhsil" sinifləri yaradılıb".
Şəhla Balayeva bildirir ki, uşaqlar mütəmadi müayinə edilir və onların boyu artıbsa, partaların hündürlüyü uşaqların boyuna uyğun tənzimlənir. Siniflərdə həm oturmaq üçün, həm də ayaqüstü iş masaları var: "Əvvəllər belə siniflərin yaradılması valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Valideynlərin əksəriyyəti uşaqların ayaq üstə dayanmasına narazılığını bildirirdi, lakin həkim və psixoloqlarla görüşlərdən sonra artıq valideynlər özləri uşaqlarının bu siniflərdə təhsil alması üçün müraciət etməyə başladı".
"Bir gün bir nağıl"
Layihənin metodisti Xalidə Həmidova bildirir ki, uşaqların sağlam mühitdə təhsil alması onların tədrisdə yüksək nailiyyətlər əldə etməsinə müsbət təsir göstərir: "Layihədə uşaqların fiziki cəhətdən sağlam böyüməsi, idrak prosesinin inkişafı, estetik zövqünün düzgün formalaşması bir-biri ilə vəhdət təşkil edir. Dərs prosesində uşaqların böyük və kiçik motorikasının inkişafına təsir edən təmrinlər nəzərdə tutulur. Bütün bunlar uşağın yaddaşının inkişafına təsir göstərir. Dərslər qəbul olunan metodika əsasında aparılır, lakin layihənin özünəməxsus metodikası da var. "Bir gün bir nağıl" adlanan bu metodika tamamilə fərqli və maraqlıdır. Biz çalışırıq ki, həftə ərzində müəllimlər "Bir gün bir nağıl" metodikasından istifadə edərək dərs qursunlar. Bu zaman asqılardan istifadə olunur. Sinifdəki asqılar resursların bütün şagirdlərə geniş nümayiş etdirilməsinə şərait yaradır. Müəllim və şagirdlər asqılardan öz təqdimatlarının nümayişi üçün istifadə edirlər. Beləliklə, təlim prosesində informasiya mübadiləsi və müzakirəsi daha da asanlaşır".
Xalidə Həmidovanın sözlərinə görə, bu siniflərdə dərs keçən müəllimlər xüsusi olaraq təlimatlandırılıblar. Tez-tez valideynlərlə görüşlər təşkil edilir və onlar layihə ilə bağlı maarifləndirilirlər.
Xalidə xanım deyir ki, hətta elə siniflər var ki, orada partalar yoxdur. Belə siniflər Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdədir: "Partalar ancaq ayaq üstə dayanmaq üçün nəzərdə tutulub. Uşaqlar ayaq üstə durmaqdan yorulanda yerdə, xalça üzərində oturaraq dərsə qulaq asırlar. Uşaqlar sinifdə çox sərbəstdirlər, bu zaman onların sosial ünsiyyət bacarıqlarının inkişafına da geniş yer verilir. Hətta xalalı sinifdə uşaqlar tənəffüsdə süfrə salıb, birlikdə yemək yeyirlər".
"Sağlam təhsil–sağlam millət" layihəsinin tibbi-gigiyenik məsələlər üzrə ekspertlər qrupunun üzvü Nərminə Məmmədzadə isə deyir ki, "Sağlam təhsil" siniflərində tədris şəraitinə və uşaqların sağlamlığına nəzarət edilir. Həkimlər uşaqların parta arxasında düzgün oturmasına, sağlamlığa təsir edən digər proseslərə və işıqlandırmaya diqqət edir. Uşaqlar yerdəyişmə zamanı fasilə etdikdə müəyyən idman hərəkətləri, gözlər üçün təmrinləri yerinə yetirirlər. Bununla da uşaqlarda yorulma hallarının qarşısı alınır.
Xüsusi işıqlar, masajedici ayaqaltılar…
Daha sonra siniflərdə olduq, uşaqlarla söhbət etdik. Siniflərin divarlarında künclərin gizlədilməsi üçün müxtəlif mənzərələr çəkilib. Bu mənzərələr uşaqların onlar özlərini fərqli məkanda hiss etməsinə imkan yaradır. Bununla yanaşı, siniflərdə oğlan uşaqlarının tənəffüsdə idman etməsi üçün turniklər var. Sinifdə masajedici ayaqaltılar da diqqətimizi cəlb etdi. Sinfin divarlarında müxtəlif bitki, əşya və heyvan təsvirləri olan lampalar yerləşib. Bu lampalar "Sağlam təhsil vaxt pultu" vasitəsilə yanıb sönür və bununla uşaqlar hər 15 dəqiqədən bir yerlərini dəyişirlər. Bu, uşaqların hərəkətliyini artırır, əlavə olaraq məktəblilərdə statik gərginliyin aradan qaldırılmasına kömək edir. Künclərdə çəkilmiş ağac və buludlar otaqda panorama effekti yaradır ki, bu da uşaqların özlərini bağlı məkanda hiss etməməsinə şərait yaradır. Siniflərin tavanında göz əzələlərinin inkişafı üçün xüsusi sxemlər çəkilib.
"Sağlam təhsil" siniflərində gigiyenik normalara uyğun, günəş işığına yaxın işıqdan istifadə edilir və daim təbii işıqlandırmaya şərait yaradılır. Sinif otaqlarındakı mebellər uşaqların qamətinin formalaşmasına, sağlamlığının möhkəmlənməsinə müsbət təsir göstərir. Bu mebellər uşaqların boyuna uyğun olmaqla yanaşı, səthi 16 dərəcə meylli olur. Bunun mahiyyəti ondan ibarətdir ki, uşaqlar oxuyan zaman göz ilə işçi səth arasındakı məsafə 25-30 sm, həm də işçi səthin yuxarı tərəfi ilə aşağı tərəfi arasındakı məsafə eyni olsun. Belə olduqda uşaqlar qamətlərini düz saxlayır, aşağı əyilmirlər.
Bu sinifdə uşaqların çox fəal olduğunu gördük — öz siniflərini sevən, yorulmayan və dərslərinin belə tədrisindən zövq alan uşaqlar…