BAKI, 24 oktyabr — Sputnik. Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə 1000 manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Cinayət Məcəlləsinin 189.1-ci maddəsinə (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması) dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə görə, 189-1.1-ci maddənin sanksiyasında "işləri" sözündən sonra "və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması" sözləri əlavə edilib. Mövcud variantda isə deyilir ki, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə 1000 manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Digər dəyişikliyə görə, 189-1.2-ci və 189-1.3-cü maddələrin sanksiyasında "və ya" sözlərindən sonra "bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə olunub.
189-1.2-ci maddəsinin təklif olunan variantda deyilir ki, eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
189-1.3-cü maddəsinin təklif olunan variantda deyilir ki, təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən? bu Məcəllənin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliyə əsasən, aşağıdakı məzmunda 189-1.2-1-ci maddə əlavə edilib: "189-1.2-1. Bu Məcəllənin 189-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.".
Dəyişikliyə görə, 189-1.4-cü maddənin sanksiyasında "və ya" sözlərindən sonra "iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə olunub.
189-1.3-cü və 189-1.4-cü maddələrin dispozisiyasında "189-1.1 və ya 189-1.2-ci" sözləri "189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci" sözləri ilə əvəz edilib.
Dəyişikliyə görə, həmin maddənin "Qeyd" hissəsi ləğv olunub. "Qeyd" hissəsində deyilir ki, bu Məcəllənin 189-1.1 və ya 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Dəyişikliklər ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.