BAKI, 24 oktyabr — Sputnik. Dünən Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək, prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra, "Twitter" hesabından açıqlama yayıb. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, Gökçək 28 oktyabrda istefa verəcəyini bildirib.
O, həmin gün bələdiyyədə iclas keçirəcəyini və hər kəslə vidalaşdıqdan sonra vəzifəsindən ayrılacağını açıqlayıb. Bələdiyyə sədrinin istefa verəcəyini açıqlaması ilə eyni zamanda, prezident Ərdoğan "Twitter" hesabında diqqətçəkən mesaj yazıb.
"Biz bu yola kreslo, vəzifə sevdası ilə çıxmadıq. Xalqa xidmət eşqi ilə çıxdıq. Biz gənclərdən qorxan, onlardan çəkinən, yerini gənclərə verməyi düşünməyənlərdən olmadıq, heç vaxt da olmayacağıq. Mən gənclərə inanıram, sahib olduqları imkanların haqqını ödəyəcəklərinə ürəkdən inanıram" — Ərdoğan bildirib.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl, üç şəhərin bələdiyyə sədrlərini istefaya çağırmışdı. Artıq Bursa Böyükşəhər Bələdiyyə sədri Rəcəb Altəpə gözlənilən açıqlamanı verərək istefa edib.