BAKI, 24 oktyabr — Sputnik. Tanınmış jurnalist Əli Əhmədov Fins.az-dakı işindən ayrılıb. O, Modern.az-a açıqlamasında faktı təsdiqləyib: "Bir neçə ay əvvəl, vaxtilə yaratdığım Fins.az saytından uzaqlaşmışam. Burada fəaliyyətimi dayandırmağımın səbəbi saytın inkişaf istiqaməti və idarə olunması ilə bağlı bəzi məsələlər üzrə əvvəlki investorla fikir ayrılıqlarım və yeni layihəyə cəlb edilməyimdir".
Ə.Əhmədov fəaliyyətini Fed.az saytında davam etdirir: "Bəzi media layihələrində iştirak edirəm və daxil olan təklifləri dəyərləndirirəm. Eyni zamanda, Fed.az saytına rəhbərlik edirəm".
Jurnalist mətbuatdakı əmək fəaliyyətinə 1997-ci ildən etibarən respublikanın ilk iqtisadi qəzeti olan "Ekonomiks" qəzetində müxbir kimi başlayıb. 1998-2001-ci illərdə "525-ci qəzet"də əvvəlcə müxbir, sonra isə iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2001-2008-ci illərdə ANS TV-də və ANS ÇM radiosunda redaktor, ANS TV-nin Xəbərlər Xidməti baş redaktorunun müavini, baş redaktor əvəzi, İqtisadiyyat və siyasət xəbərləri departamentinin rəisi vəzifələrində işləyib. Televiziyadakı fəaliyyəti dövründə "İqtisadiyyat xəbərləri" buraxılışının rəhbəri, gündəlik "Nəzər nöqtəsi", həftəlik "Ötən həftə" verilişinin aparıcısı, çoxsaylı araşdırma və filmlərin müəllifi olub.
2008-2010-cu illərdə fəaliyyətini İctimai TV-də davam etdirib. Televiziyada gündəlik efirə gedən "İqtisadiyyat xəbərləri" buraxılışına rəhbəri və aparıcısı olub. 2010-2013-cü illərdə "Azəri Press" informasiya agentliyində (APA) iqtisadiyyat redaksiyasının müxbiri vəzifəsində çalışıb.
2013-2016-cı illərdə Azərbaycanın ilk sığorta saytı olan Fins.az maliyyə və biznes xəbərləri saytını yaradıb. Sayt ölkə mətbuatında, o cümlədən elektron mətbuatda çoxsaylı yeniliklərə imza atıb.
Ə.Əhmədov mətbuatdakı fəaliyyəti dövründə jurnalistikanın, o cümlədən iqtisadi və biznes jurnalistikasının obyektivliyi, yeni dövrün tələblərinə cavab verməsi, eləcə də əhalinin iqtisadi informasiyalarla daha yaxşı tanış edilməsi ilə bağlı çoxsaylı yenliklərin müəllifi olub.