BAKI, 24 oktyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə noyabrın 20-21-də Belçika Krallığının Brüssel şəhərində "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, forumda bir çox ölkələrin parlament üzvləri, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış ekspertlərin iştirakı ilə etnik separatizmin dünyanın müxtəlif regionlarında sülhə və sabitliyə yaratdığı təhlükələrlə bağlı məruzələr dinləniləcək, müasir dövrdə regional və qlobal səviyyədə dövlətlərin ərazi bütövlüyünün pozulması halları, separatizmin nəticəsi olaraq meydana çıxan münaqişələr və separatizm meyllərinin qarşısının alınması yolları müzakirə ediləcək.
Forumun əsas panel iclası Avropada separatizm mövzusuna həsr ediləcək. İclasda Avropada separatizm dalğasının səbəb və nəticələri, eləcə də, bu meyllərin qitənin iqtisadi və siyasi gələcəyi üçün yaratdığı təhlükələr, problemin həlli yolları, separatizmə məruz qalmış ölkələrin təcrübəsi, beynəlxalq hüquqda separatizmin qarşısının alınması üçün mövcud alət və mexanizmlər, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı və s. mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Paneldə Ukrayna, Moldova, İsrail dövlətlərinin sabiq dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir.
Forum çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca panel iclasın keçirilməsi də nəzərdə tutulur. Müzakirələr "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında əsas maneə kimi" kontekstində aparılacaq. Paneldə münaqişənin nizamlanma prosesi ilə bağlı mövcud vəziyyət, münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində hazrıkı durum, diaspor təşkilatlarının bu sahədə fəaliyyəti, qarşıya çıxan problemlər müzakirə edilcək. Həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dair yeni strateji hədəfləri, ideoloji prinsipləri, siyasi taktikasını müəyyən edən fəaliyyət planı və onun həyata keçirilməsi mexanizmləri ilə bağlı ideya və təkliflər dinləniləcək.
Forumda Azərbaycan Respublikasının dövlət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Parlamenti habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV nümayəndələrindən ibarət 300 nəfərə yaxın nümayəndənin iştirakı planlaşdırılır.
Tədbir çərçivəsində Avropa Parlamentinin üzvlərinin, habelə Avropa İttifaqına üzv ölkələrin deputatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Forumun yekununda isə Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri, xarici qonaqların iştirakı ilə mətbuat nümayəndələri üçün brifinqin keçirilməsi planlaşdırılır.