Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Bu günlərdə Quba rayonunun Talabı kəndində neft çıxması barədə məlumatlar yayılıb. Bu məlumatlara aydınlıq gətirmək üçün Sputnik Azərbaycan-nın bölgə müxbiri Quba Rayon İcra Hakimiyyəti Başçısının Talıbıqışlaq İnzibati Ərazi nümayəndəsi Xanlar Heybətovla əlaqə saxlayıb.
O, bildirib ki, sözügedən kənddə neftin çıxması heç də təzə xəbər deyil. Çünki 47 il əvvəl Talabı kəndinin ərazisində neft quyusu aşkar edilib. 1970-ci ildə bura mütəxəssislər gəlib təxminən 1000 metrə yaxın qazıntı işləri aparıblar və baltaları sındığına görə işi dayandırıblar. Bir müddətdən sonra isə qayıdıb qazıntı üçün lazım olan digər avadanlıqları da götürüb gediblər.
Bundan sonra, 1973-cü ilə qədər qazıntı aparılan ərazidə az da olsa neft çıxıb. "Sonralar bu ərazilərdə nefti cüzi şəkildə görmək olurdu. Son zamanlarda isə köpük qarışıq neft çıxır. Sakinlər vaxtaşırı bu neftdən istifadə edirlər. Amma burada daim neftin çıxdığı quyu yoxdur" — deyə Heybətov bildirib.
Onun sözlərinə görə, bu ərazidən çıxan neft əsasən müalicəvi əhəmiyyətli neftə bənzəyir: "Çox təəssüf ki, bunu araşdırıb baxan yoxdur. Ümid edirik, yaxın gələcəkdə gəlib araşdırarlar".