İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 22 oktyabr — Sputnik. Son dövrlər Azərbaycanda həkimlərin əksəriyyəti rezidentura keçmək üçün xarici ölkələrə, xüsusilə də Türkiyəyə üstünlük verirlər. Gənc həkim Həsən İmanlı isə bir qədər çətin olanı seçib, o təhsilini davam etdirmək üçün Amerikaya üz tutub.
Həsən İmanlı, Xətai Rayon Heydər Əliyev adına Liseyi bitirdikdən sonra, Xaricdə Təhsil proqramının dəstəyi ilə 2007-2014-cü illər arasında İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin ingilis dili bölməsində təhsil alıb. Son 2 ildir ki, "University of Maryland Medical Center"də Kardiak elektrofiziologiya sahəsində Ventrikular Taxikardiya xəstələri üzərində tədqiqat aparır (postdoktoral aspirant olaraq). Bu müddət ərzində, "Maryland Arrhythmia and Cardiology Imaging Group" (MACIG) tərəfindən dərc edilən 11 məqaləyə onun adı salınıb, 3 məqalədə birinci müəllif kimi qeyd edilib. Amerikada tədqiqatdan əlavə, "MD Anderson Cancer Center", "University of Texas Health Science Center", "University of Maryland", "MedStar Franklin Square Hospital" kimi xəstəxanalarda təcrübə keçib. Amerikada rezidentura imtahanlarının hamısını uğurla verərək, ECFMG sertifikatını alıb. Həkim, hazırda Azərbaycanda Tibb fakültəsini bitirən gənclər arasında təşviqat aparır, onların təhsilini davam etdirmək üçün Amerikanı da seçə biləcəklərini bildirir.
Amerikada uğurlu təcrübə keçən həkimin bir neçə günlüyə Azərbaycan-a gəlməsindən istifadə edib, onu redaksiyamıza dəvət etdik. Sputnik Azərbaycan Həsən İmanlı ilə ona müsahibəni təqdim edir.
— Bir neçə gündür ki, Azərbaycandasınız. Gəlişinizin səbəbini öyrənmək olarmı?
— Mənim Azərbaycana gəlişimdə əsas məqsədim Tibb fakültəsini bitirən gənclərə xarici ölkələrdə təhsilini davam etdirməyin yollarını göstərməkdir. Əvvəllər mənə də bu çətin gəlirdi. Mən tələbələrin Amerikaya və yaxud Türkiyəyə getməyini təşviq etmək istəyirəm. Bu mümkündür. Kim istəsə, məni "Linkedin"-də tapıb yaza bilər. Bizim tələbələr əsasən Türkiyəyə getməyə üstünlük verirlər. Amma təhsili Amerikada da davam etdirmək mümkündür. Düzdür, mən Türkiyədən getmişəm, amma prosedurlar eynidir, imtahanlar eynidir. Hazırda Amerikada Rauf Cavadov adlı bir dostumuz var ki, o artıq rezidenturadadır. Onların xəstəxanasında Nərgiz Muğanlinskaya adlı bir həkimimiz də var. Tibb fakültəsini bitirib, təhsilini Amerikada davam etdirmək istəyən bütün tələbələr mənimlə əlaqə saxlaya bilər. Mən söz vermirəm ki, onların rezidenturaya daxil olmasına yardım edəcəyəm. Xeyr! Sadəcə, yollarını göstərə bilərəm. Bunu hamı edə bilər, heç kim çəkinməməlidir. Mənə Təhsil Nazirliyinin "Xaricdə təhsil 2015-2017" proqramı çox dəstək oldu.
— Gəlin, bir qədər sizin sahə – Kardiak elektrofiziologiya haqqında danışaq. Bu sahə Azərbaycanda inkişaf edibmi?
— Kardiak elektrofiziologiya ürəyin ritm xəstəliklərinin müalicəsi ilə məşhurdur. Ayaqdan, qoldan və ya boyundan kateterlə şah damara daxil olub, orada ritmə səbəb olan bölgələri taparaq yandırılır.
— Anju kimi?
— Anju sadəcə damarın tutulub-tutulmadığını göstərir. Bu isə xüsusi kateterdir. Kateterin ucunda ürəyin içindəki gərginliyi ölçən sensor var və eyni zamanda orada elektrik axını ilə yandırma xüsusiyyəti var. Bu müalicə üsulu ritmin əvvəlki vəziyyətə qayıtmağına gətirib çıxarır. Azərbaycanda bu sahə yenicə inkişaf etməyə başlayıb və bu sahə üzrə ölkədə çox az mütəxəssis var.
— Mütəxəssisimiz azdır dediniz. Bu boşluğu doldurmaq üçün Azərbaycana qayıdacaqsınız?
— Düşünürəm ki, ABŞ çox böyük ölkədir və orada azərbaycanlıların sayı çox azdır. Onu da qeyd edək ki, ABŞ dünyaya meydan oxuyan bir ölkə olaraq söz haqqında sahibdir. Və ermənilərin sayı Amerikada yüz minlərlə, azərbaycanlıların sayı isə minlərlədir. Amerikada Azərbaycanı çox tanımırlar. Bu səbəbdən də Amerikada qalıb, fəaliyyət göstərmək belə, Azərbaycanın adı üçün önəmlidir.
— Dünyada ürək xəstəliklərinə səbəb olan əsas amillər hansıdır?
— İlk dəfə ürək xəstəliklərinə səbəb olan amillərin ortaya çıxmasını öyrənmək üçün tədqiqat 1979-cu ildə İngiltərədə aparılıb. Həkimlər avtobus sürücüləri və "konduktor"lar arasında araşdırma aparıb. Həkim apardığı araşdırma nəticəsində müəyyən edib ki, "konduktor" gün ərzində dəfələrlə enib, qalxır, sürücü isə bütün gün eyni yerdə əyləşib. Həkimlər bunu illərlə müşahidə edib və tədqiqatın nəticəsində ciddi fərqlər ortaya çıxıb. Müəyyən edilib ki, ürək infarktından ölənlərin sayı arasında sürücülərin sayı konduktorlara nisbətən 3 qat daha çoxdur. Bu da idman və gündəlik məşqlərin həyatımızdakı önəmini ortaya çıxarır.
İnfarkt risklərinin ən böyük səbəbi hərəkətsizlik, metobolik sindrom, hərəkətsizliyin səbəb olduğu kökəlmə, şəkər xəstəliyi, yüksək təzyiq və bədən kütlə indeksinin 25-dən yuxarı olmasıdır. Bunların hamısı risk faktorudur.
Ürəyinizin sağlam olmasını istəyirsinizsə, gün ərzində yarım saat olmaqla həftədə 5 dəfə idman etməyiniz, sürətli piyada gəzməyiniz vacibdir. Ürək xəstəlikləri çox kilolu və hərəkətsiz insanlarda müşahidə edilir.
— Ürək ağrısı özünü necə büruzə verir?
— Sinə ağrıları ilə həkimə müraciət edənlərin çoxunda bu ağrı ürəklə bağlı olmur. Ürək xəstəliklərinin də riskli yaşı var. İnsanlar zənn edir ki, hər sinə ağrısı ürək ağrısıdır. Amma belə deyil. Xəstə 20 yaşındadırsa və aylardır ki, ürək ağrısı çəkdiyini düşünürsə, dərhal onun ürək xəstəsi olduğuna qərar vermək olmaz. Əgər xəstə 120 kiloqramdırsa və yaşı 50-ni keçibsə, təbii ki, belə bir xəstə üçün ürək ağrısı, ürək xəstəliyi riski daha böyükdür. Belə insanların şəkəri, təzyiqi ola bilər. Buna görə də, ilk növbədə onun ürəyində problemin olub-olmamasını müəyyən etmək üçün qan testləri edilməlidir. Əgər sinənizdə ağrı yaranıbsa, özbaşına klassik ürək dərmanlarından istifadə etməyin, həkimə müraciət edin, müayinələrdən sonra verilən diaqnozlar əsasında dərmanlar qəbul edin. Özbaşına dərman içməyin əleyhinəyəm.
— Deyirlər ki, ürək öz fəaliyyətini hissə-hissə itirir və insan, ürək 45 faiz işlədikdə belə yaşaya bilir. Bu nə dərəcədə doğru fikirdir?
— Bəli, bəzən olur ki, ürəkdə olan böyük bir damar işləmir və ürəyin böyük bir hissəsinə gedən qan kəsilir. Ürəyin həmin qisminə qan getmədiyi üçün həmin hissə ölür. Və xəstələr bu problemlə uzun müddət yaşaya bilirlər. Ürəyin sağlam olmasını ürəyin içinə dolan qanın, ürək tərəfindən necə boşaltdığını müəyyən etməklə müəyyən etmək mümkündür. Bu əsasən 50-60 faiz olur. Belə vəziyyətdə ürək normal hesab edilir. Amma bəzi insanlarda bu, 20 faiz də ola bilir və insanlar bu problemlərlə yaşaya bilirlər. Xəstədə ürək çatışmazlığının simptomları varsa, o zaman deyirik ki, bu insanda ürək çatışmazlığı var.
— Ürək çatışmazlığının simptomları hansılardır?
— Təngənəfəslik, təngənəfəsliyin zamanla artması, pilləkənlə qalxan zaman təngənəfəslik ürək çatışmazlığının əsas simptomudur. Məsələn, xəstə 5 il əvvəl iki mərtəbəni təngənəfəs olmadan qalxa bilirdisə, indi bir mərtəbə qalxan kimi təngənəfəs olursa və yaxud şəhər içində 100 metr yeridiyi zaman təngənəfəs olursa, bu, ürək çatışmazlığının əlamətidir. Ancaq onu da qeyd edim ki, hər təngənəfəslik ürək xəstəliyinin əlaməti deyil. Əgər bu problemi 60 yaşında kişi yaşayırsa, böyük ehtimalla ürək çatışmazlığı ola bilər.
Ayaqlarda şişkinlik və ödəm varsa, bu da ürək çatışmazlığının göstərici ola bilər. Əgər ayaqqabılarınız ayağınızı sıxmağa başlayırsa, axşama doğru ağrı yaranırsa və corablarınızı çıxaran zaman, rezinlərin yeri ayağınızda qalırsa, bu da ürək çatışmazlığının əlaməti ola bilər. Buna görə də, hər bir halda həkimə müraciət etmək lazımdır.
— Deyilənə görə, kişilər qadınlara nisbətən ürək xəstəliklərindən daha çox əziyyət çəkir və ürək xəstəliklərindən daha çox dünyasını dəyişir. Bunun səbəbi nədir?
— Bəli, bu, həqiqətən belədir. Buna səbəb qadınların qanında ostrogen hormonun olmasıdır. Ostrogen hormonu qan damarlarını qoruma xüsusiyyətinə malikdir. 45 yaşa qədər kişi və qadınları müqayisə edən zaman kişilərdə ürəkdən ölüm riski daha çoxdur. Qadınlar 45-50 yaşından sonra klimaks dövrünə girdiyi üçün 50 yaşından sonra onlarda da ürək xəstəliklərindən ölüm riski artır. 60 yaşlı qadın və kişilər arasında ürək xəstəlikləri ilə ölüm səviyyəsi demək olar ki, eynidir. Klimaksa girməmiş qadınların ürək və qan damarları təmiz və sağlam olur. Klimaks dövründən sonra risk artır. Riski azaltmaq üçün idman etmək, arıq qalmaq lazımdır.
— Bütün xəstəliklər kimi kardioloji xəstəliklər də cavanlaşıb. Artıq uşaqlarda da ürək xəstəlikləri halları artıb. Bunun səbəbi nədir?
— Bunun səbəbi fast-food və yağlı qidalardır. Onu da deyək ki, son dövrlərdə şəkər xəstəliyi də gəncləşib. Şəkər xəstəliyi ürək damarlarının tıxanma səbəblərindən biridir. Gənclərin az idman etməsi, şəkərli, yağlı və karbohidrat faizi yüksək olan qidalar qəbul etməsi problemi, nəinki Azərbaycanda, bütün dünyada, eləcə də Amerikada da artmaqdadır. Bu səbəbdən də ürək xəstəlikləri bütün dünyada cavanlaşır. Onu da nəzərinizə çatdıraq ki, son zamanlar həyat oturaqlaşıb. Bir əsr əvvələ qədər belə işlər yox idi. Hamı tarlada, əkin-biçin işlərində idi. Qadınlar bulaqlardan su daşıyardı. Buna görə də, insanlar uzunömürlü idi.
Ürək çatışmazlığının əsas səbəblərdən biri də stressdir. Hər bir sahədə stress var. Ancaq onu da deyim ki, idmanla məşğul olmaq da stressi azaldır. Siqaret, alkoqollu içkilər də ürək xəstəliklərinin yaranmasına səbəb olur. Xüsusilə də, siqaret çəkmək sağlamlıq üçün son dərəcə zərərlidir. Bir insan bir dəfə infarkt keçiribsə, o siqaretdən birdəfəlik imtina etməlidir. Amma təəssüf olsun ki, indi gənclərin çoxu siqaret çəkməyə üstünlük verir.
— ABŞ-la müqayisə etsək, ürək xəstəlikləri harada daha çoxdur?
— Amerika və ya Azərbaycan, fərqi yoxdur, insanlar hər yerdə eynidir. Özünə fikir verən insanlar var və sağlamlığına əhəmiyyət verməyən insanlar var. ABŞ-da insanlar idmanın daha çox önəmli olduğunun fərqindədir.
Ürək çatışmazlığına düçar olmaq istəmirsinizsə, gündəlik qida rasionunuzda şəkəri azaltmaq, meyvə və tərəvəzə daha çox üstünlük vermək, gün ərzində 2500 Kalori dəyərində qida qəbul etmək (arıqlamaq istəyənlər 1500 k), zərərli vərdişlərdən uzaq olmaq, idman etmək, bədən kütlə indeksinin 25-dən çox artmasına icazə verməmək lazımdır.
Bunun üçün çəki boyun kvadratına bölünür. Məsələn boyunuz 160, çəkiniz 60-dırsa, (60: 160 kvadratı) alınan cavab 25-dən aşağıdırsa, siz normal çəkidəsiniz.