Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 21 oktyabr — Sputnik. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında turizm prioritet sahə kimi öndə gəlir. Ayrı-ayrı ölkələrin turizm sektorunda rəqabətə davamlı və keyfiyyətli infrastruktur yaratması onun illik maliyyə gəlirlərinin artmasına hesablanır. Fransa, İspaniya, İtaliya, Yaponiya və Türkiyə kimi ölkələrin milli gəlirlərində turizmin payı 15-20 faizə yüksəlir.
Əlbəttə, turizmin inkişafı strateji məsələdir. Eyni zamanda, turizm mədəniyyətlərarası yaxınlaşmanı sürətləndirən mühüm sahədir. Bu gün sənaye infrastrukturu olmayan Afrika ölkələrində belə, turizm əsas gəlir mənbəyidir. Təbii ki, bu sahənin inkişafı üçün təbiət və iqlim gözəlliyi, ekoloji saflıq, tarixi abidələr, həmçinin flora və fauna zənginliyi mühüm amildir.
Sadalananların hər biri ölkəmizdə var. Azərbaycanın iqlim şəraiti həm yay, həm də qış turizminin təşkilinə şərait yaradır. Amma təəssüf ki, bu əlverişli şəraitdən çox az istifadə edirik. Bəs turizm sektorunun inkişafını ləngidən səbəblər nədir? Sputnik Azərbaycan bunu Qax rayonunun timsalında izah etməyə çalışıb.
Məsələn, Qax rayonunun Qaşqaçay kəndi ecazkar təbiəti ilə buraya gələn hər kəsi valeh edir. Dəniz səviyyəsindən 1400-1600 m yüksəklikdə yerləşən bu kənddəki "Ayı dərə" adlı ərazi dağlarla əhatə olunub. Kənd sakini Nadir Nuruşovun sözlərinə görə, bu əraziyə daha çox yay mövsümündə gəlirlər. Lakin bu, o demək deyil ki, bu ərazilərdə turizmin müəyyən sektorları inkişaf edib. Burada turistlərə xidmət göstərən infrastruktur ibtidai formadadır.
"İstəyərdik ki, başqa ölkələrdə olduğu kimi, bizdə də yerli turizm inkişaf etsin. Bu, həm də burada yaşayan insanlar üçün gəlir mənbəyi olardı. Yol problemi və təbii qazın olmaması bura turistlərin gəlişini azaldır. Elə bu səbəbdən də, biz təkcə yay mövsümündə işləyə bilirik. Havalar soyuduqca, bura heç kim gəlmir" – deyə kənddə kiçik obyekt sahibi olan Nuruşov bildirib.
O deyir ki, buralar qışda da çox gözəl olur: "Əgər bura sərmayə yatırılsa, yol problemi həll olunsa, turizmdən yüksək gəlir əldə etmək mümkündür. Nəinki xarici turistlərin, heç özümüzünkülərin də buradan xəbəri yoxdur. Məhz buna görə də yerli turistlər çox vaxt səyahət üçün ölkə daxilini deyil, əsasən qonşu ölkələri (Gürcüstan, Türkiyə və s.) seçirlər. Bu da öz növbəsində vətəndaşlarımızın maliyyə vəsaitini qonşu ölkələrin turizm sektoruna yönəltməsi, ölkəmizin turizm imkanlarından isə tam istifadə edilməməsi deməkdir".
Bu bölgədə turizm sektorunun inkişafına əngəl törədən ən vacib problemlərdən biri də qiymətlərin çox baha olmasıdır: "Rusiyadan gələn turist Vladimir Kopatikov deyir ki, Azərbaycanda qiymətlər Gürcüstanla müqayisədə təxminən 60 faiz bahadır: "Buranın təbiəti çox gözəldir. Amma qiymətlər bahadır. Qiymət müqabilində göstərilən xidmət isə o qədər də ürəkaçan deyil. Adamlar turistlərin bir də bura qayıtması üçün heç bir cəhd göstərmirlər".
Onun sözlərinə görə, burada hərəkət etmək üçün bələdçi tapmaq, yaxud görməli yerləri, keyfiyyətli yemək verən restoranları, hostelləri müəyyən etmək mümkün deyil. Gərək kimdənsə soruşasan. Onda da əmin deyilsən ki, kimsə sənə arzu etdiyin xidməti göstərən yeri düzgün nişan verəcək və sən fırıldaqçıların əlinə düşməyəcəksən.
"Azərbaycanda, xüsusilə regionlarda fəaliyyət göstərən turizm obyektlərinin rəsmi internet səhifələrinin olmaması, kifayət qədər məlumatla zəngin materialların tapılmaması növbəti problemi doğurur. Biz hər hansı bir bölgəyə getməkdə çətinlik çəkirik. Gürcüstanda turistik yerlərin xəritəsi, ora necə getməyin marşrutları yazılmış bukletlər turistlərə pulsuz təqdim edilir. Azərbaycanda isə buna rast gəlmədik" — deyə Kopatikov əlavə edir. O deyir ki, belə vəziyyətdə dağlarda ancaq azmaq olar, nəinki istirahət etmək.
Qaşqaçay sakini Həzrət Quliyev bildirir ki, onların kəndində qış uzunu qar olduğundan, əla qış turizmi yaratmaq imkanı var. Sadəcə, müəyyən əraziləri xizəklə sürüşməyə mane olan daş-kəsəkdən təmizləməklə, müəyyən işarə və nişanları qoymaqla, isti və rahat qış istirahət evləri qurmaqla bura xeyli turist cəlb etmək olar.
"Burada qışın bir ayrı özəlliyi var. Təbiət çox gözəl, dağlar əzəmətli görünür. Yəqin ki, heç bir turist buzda sürüşdükdən sonra isti otaqda oturub pəncərədən belə gözəl mənzərəni seyr etməyə, ömrünün ən romantik anlarını yaşamağa etiraz etməz. Qarda doyunca sürüşmək, qartopu oynamaq, qardan adam düzəltmək isə yəqin ki, hər bir uşağın arzusudur. Bura ailəlikcə gəlib həm yaxşı dincəlmək, həm də uşaqlara sevinc dolu qış hədiyyə etmək olar" – deyə kəndin müəllimi Həzrət Quliyev bildirir.
O qeyd edir ki, Mədəniyyət və Turizm Nazirliyi iş adamlarını, turizm sektorunda işləyənləri bu regiona dəvət etməlidir. Əgər turizmin inkişafını, bundan gəlir əldə etməyi və yerli camaatın da güzəranını yaxşılaşdırmağı istəyirlərsə, təbiətin təmənnasız olaraq bəxş etdiyi imkanı dəyərləndirmək lazımdır.