BAKI, 21 oktyabr — Sputnik. İsrail ordusu Suriyanın Kuneytra bölgəsində yerləşən rejim qüvvələrinə məxsus üç hərbi mövqeyi vurub.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İsrail ordusunun sözçüsü Avichay Adrae yazılı açıqlamasında, Suriya tərəfindən atılan 5 raketin İsrailin nəzarət etdiyi Qolan təpələrinə düşdüyünü, cavab olaraq Suriya ordusuna aid 3 hərbi mövqenin top atışları ilə bombalandığını bildirib.
Ötən bazar ertəsi günü də İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşq yaxınlığında bir hava hücumu əleyhinə zenit mövqeyini vurmuşdu.
Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri zaman-zaman Suriyadan torpaqlarına raket atıldığını irəli sürən İsrail, İranın dəstəklədiyi "Hizbullah" qüvvələrinə məxsus hərbi mövqelərə hücumlar təşkil edir.