BAKI, 20 oktyabr — Sputnik. "Avropa Şurası Parlament Assambleyasının sessiyası Azərbaycan nümayəndə heyətinin fəal və ölkəmizin maraqlarının yüksək təmsil etməsilə müşahidə olunub. Bu sessiya başqalarından fərqli olaraq asan keçməyib. Fərq yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil. Sessiyanın bir neçə günü Azərbaycana həsr edilmişdi".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, Azərbaycanla bağlı məsələlərin nəyə görə gündəliyə salınması aydındır.
"Bu gün Avropa Şurasının özündə gedən proseslər göstərir ki, hansısa ölkəni hədəf tapıb öz problemlərini həll etmək istəyirlər. Bizdən başqa Avropa Şurasında monitorinq altında olan 10-dan çox ölkə var. Bu ölkələrin problemləri kənara qoyulub və məhz Azərbaycan hədəf seçilib. Təəssüflər olsun ki, Azərbaycana qarşı qəbul olunan qətnamənin müzakirəsi zamanı iclaslara gəlməyən şəxslər belə, bu dəfə toplantıya qatılmışdı. Avropa Şurası Azərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər" — S. Seyidov bildirib.
Deputat qeyd edib ki, Avropa Şurasının baş katibi qanunun aliliyini alətə çevirərək Azərbaycana qarşı təzyiq etməyə çalışır: "Sağlam qüvvələr də bu insanların girovuna çevrilib. Səsvermə zamanı bir qrup insan da bunların təsirinə düşüb, Azərbaycanın əleyhinə qətnamə qəbul olunub. Ukraynalı deputatlar bizim əleyhimizə səs veriblər. Bu, o deməkdir ki, onlar həm də Ukraynanın əleyhinə səs vermiş olublar. Hakim partiyanın deputatlarından başqa, digər partiyaların nümayəndələri Azərbaycan əleyhinə səs veriblər. Demək istəyirəm ki, Ukrayna-Azərbaycan münasibətləri normaldır".
Nümayəndə heyətinin rəhbəri bir qrup türkiyəli deputatın Azərbaycana qarşı qəbul olunan qətnaməyə səsvermələrinə də münasibət bildirib: "Münasibətləri təhlil etməliyik. Əgər hiss etsək ki, deputatlardan başqa digər qurumlar da bizə qarşı qərəzlidir, o zaman mövqeyimizi ortaya qoymalıyıq. Heç bir dövlət bu cür qərəzli münasibətə dözə bilməz. Təzyiqlər həddindən artıq böyükdür, bu təzyiqlər Azərbaycanın apardığı uğurlu siyasətə qarşıdır".