BAKI, 20 oktyabr — Sputnik. "Poçt haqqında" qanunda dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, qanuna xüsusi poçt rabitəsi ilə bağlı yeni maddə əlavə edilib və bu rabitə növünün əhatə dairəsi dəqiqləşdirilib.
Həmin maddə ilə həmçinin xüsusi təyinatlı poçt rabitəsinin bir növü olan xüsusi poçt rabitəsi xidmətinin vəzifələri, fəaliyyət sahəsi, bu xidmətin göstərilməsi ilə bağlı olan digər məsələlər tənzimlənir.
Qanun layihəsində deyilir ki, xüsusi poçt rabitəsi xidməti "Dövlət sirri haqqında" qanunla qorunan məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məkumatlarının, qiymətli kağızlarım və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahiblərinə çatdırılmasının həyata keçirir. Bu xidmətin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Xüsusi poçt rabitəsi xidmətinin tənzimlənməsi bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dövlət sirri təşkil edən məlumatların və qiymətli əşyaların olduğu poçt göndərişlərinin daha etibarlı daşınmasını və ünvan sahiblərinə çatdırılmasını təmin edəcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.