İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 20 oktyabr — Sputnik. Bir neçə il bundan öncə Babək prospektində "Ağ şəhər" layihəsi irəli sürüldü. Layihəyə görə, ərazidə bütün fərdi yaşayış evləri sökülərək, yeni binalarla əvəz ediləcəkdi.
Bu gün Xətai Rayon İcra Hakimiyyəti "Ağ şəhər" layihəsi çərçivəsində, Babək prospekti, Turşu küçəsi, 2210-cu məhəllə, 32A ünvanında yerləşən evi sökməyə başlayıb. Qəribəsi də budur ki, ev, içərisində yaşayış ola-ola sökülüb.
Evin sahibi Svetlana Əhmədovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2000-ci ildə burada torpaq sahəsi alıb və 2008-ci ildə 94 kvadratmetr sahəsi olan fərdi ev tikiblər. Həyətlə və yarımçıq tikililərlə birlikdə, Əhmədovlara məxsus əmlakın ümumi sahəsi 155 kvadratmetrdir.
Xətai RİH-dən vətəndaşa 74 min manat kompensasiya təklif edilsə də, vətəndaş razılaşmayıb: "Ya bizə 4 otaqlı ev versinlər, ya da normal kompensasiya versinlər ki, ev ala bilək. Nə məhkəmə qərarı var, nə də xəbərdarlıq ediblər. Biz özümüz məhkəməyə müraciət etmişik".
"Amma məhkəmənin qərarını gözləmədən gəlib evi sökürlər. Ev tikilən zaman icra hakimiyyəti razılıq verib. Sənədlərə görə, ərazidə ikimərtəbəli fərdi yaşayış evi tikməli idik. Amma tikinti aparılan zaman buna icazə vermədilər. Biz də 4 otaqlı fərdi ev tikdik" — S. Əhmədova danışır.
Qeyd edək ki, ərazidə söküntü Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Məsələ ilə bağlı Xətai RİH-in mətbuat xidmətinin rəhbəri Pənah İmanovla əlaqə saxladıq. İmanovun sözlərinə görə, "Ağ şəhər" dövlət layihəsidir və qeyd olunan ərazi 2007-ci ildən nəzarətdədir.
"Hamı bilirdi ki, ərazidəki evlər söküləcək. Buna görə, orada ev tikilməsinə icazə verilə bilməzdi. Qeyd olunan ərazidə 210 fərdi ev sökülməli idi. Onlardan 150-yə yaxını sökülüb" — P. İmanov bildirdi.
İcra hakimiyyətinin sözçüsü əlavə etdi ki, həmin ərazidə olan bütün vətəndaşlara, o cümlədən Svetlana Əhmədovaya son iki il müddətində dəfələrlə xəbərdarlıq edilib: "Mövcud qanunvericiliyə və normativ sənədlərə uyğun olaraq müstəqil qiymətləndirmə aparılıb və müqavilə şərtləri daxilində kompensasiya ödənilməsi nəzərdə tutulub. Svetlana xanım isə heç bir təkliflə razılaşmayaraq "Ağ şəhər"də dörd otaqlı mənzil tələb edir".
Qeyd edək ki, layihə dövlət layihəsi olduğu üçün, ərazidə olan bütün evlər məcburi şəkildə söküləcək.