Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 19 oktyabr — Sputnik. İnsan inkişaf etdikcə, təbiət məhv olur. Sənaye insanların rifahını yaxşılaşdırsa da, vəhşi təbiəti məhv edir. Elə bu səbəbdən də, vaxtilə insanla bərabər təbiətin hakimi olan bəzi heyvanlar artıq yox olmaq təhlükəsi ilə üz-üzədir.
Heyvanların bəziləri məskunlaşma yerlərinin insanlar tərəfindən ələ keçirilməsi səbəbindən məhv olursa, digərləri dişinə, buynuzuna, bahalı dərisinə görə öldürülür. Dərisinə görə öldürülən heyvanlardan biri də bəbirdir. Çeviklik və zəriflik təcəssümü sayılan bəbir meşələrdə və hündür dağlıq ərazilərdə yaşayır.
Bəbirlərin bir neçə növü məlumdur. Bu növlərin arasında ən irisi və nadiri olan Ön Asiya bəbiridir. Azərbaycan bəbirləri də bu növə aiddir. Azərbaycan ərazisində bəbirlər Astara və Lənkəran ərazisində, Talış dağlarının sıx meşəlik ərazilərində yaşayırlar. Son məlumatlara görə, Azərbaycanda bəbirin 10-13 fərdi qalıb.
Bir neçə il əvvəl Cənubi Afrika Respublikasında yaşayan fotoqraf və rejissor Adrian Steirn bu bəbirlərin sorağı ilə Hirkan Milli Parkına gəlib. Bəbirlərin yaşadığı yerləri tədqiq etmək və bəbirlərin özlərini çəkmək istəyində olan Steirnə və "National Geographic Wild" telekanalının ölkəmizə gələn çəkiliş heyətinə isə, Astaranın Siyov kənd sakini Babaxan Rəhmanov bələdçilik edib.
Beləcə, Babaxanın köməkliyi ilə "Avropanın son bəbiri" adlı sənədli film ərsəyə gəlib. Bəbirlərə olan sevgisinə və işinin də bəbirlərlə bağlı olmasına görə, Babaxanı "Bəbir adam" da adlandırırlar.
55 yaşlı Babaxan Rəhmanov Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyir ki, onda bəbirlərə olan sevgi uşaqlıq vaxtlarından yaranıb: "Mən uşaq olanda, heyvanlarımızı otarmaq üçün rəhmətlik atamla bir yerdə tez-tez dağa gedərdim. Bəbiri də ilk dəfə elə o vaxt görmüşəm. Yanında 2 balası və yanında 3 balası (qeyd edək ki, bəbirin 3 bala verməsi nadir hal sayılır – red.) olan bəbirləri görmüşəm. Onların xəzlərinin gözəl olması məni valeh edib".
"Bəbiri daha yaxından görmək üçün gənc yaşlarımda risk edib yuvasının lap yaxınlığına da getmişəm. Cəhdim də uğurlu olub. Allah bəbiri çox gözəl yaradıb. Allahın yaratdığı varlığı sevməmək də düzgün deyil. Heyvanlara bağlılıq bizdə nəsillikcədir. Yəni, heyvanlara bağlılıq, heyvanları sevmək dədə-babamızdan yadigardır" — müsahibimiz danışır.
Babaxan Rəhmanovun 55 yaşı olmasına baxmayaraq, o, çox qıvraqdır. Sərbəst və heç bir köməkçi vasitə olmadan 15-20 metr hündürlüyü olan ağaclara dırmanır və ağacdan-ağaca tullana bilir. Məhz buna görə də, ona bəzən "Tarzan Babaxan" da deyirlər.
Babaxan bildirir ki, ona bu ləqəbi Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Bakı ofisinin müdiri Elşad Əsgərov verib: "2002-ci il idi Elşad müəllim Hirkan Milli Parkına gəldi, mənimlə burda tanış oldu. Bir müddət sonra Elşad müəllim və Rusiyadan olan Viktor Lukarevskiy birlikdə "Hirkan Milli Parkının bəbirləri" layihəsini Azərbaycana gətirdilər. Elşad müəllim mənimlə görüşdü və bizdə qonaq da oldu. Mən onlara ərazidə olan bəbir izlərini göstərib, bəbirlərin yaşadığı ərazilərlə tanış etdim".
Onun sözlərinə görə, 2012-ci ildə Cənubi Afrika Respublikasından olan fotoqraf və rejissor Adrian Steirn və CAR-dan olan Corc Nkuna bəbirlərin yerlərini tapmaq və onları çəkmək üçün Hirkan Milli Parkına gəliblər: "Onlarla bərabər Sayano-Şuşensk Qoruğunun elmi işçisi Viktor Lukarevskiy də gəlmişdi. Ərazidə bəbirləri lentə almaq üçün ekspedisiya qrupu yaratdılar. Təbii ki, onlara bələdçiliyi mən etdim. Məni Adrian Steirnlə Corc Nkunaya Ümumdünya Vəhşi Təbiət Fondunun Bakı ofisinin müdiri Elşad Əsgərov məsləhət bildi. Dəqiq yadımdadır: 2012-ci ilin avqust ayında gəlib mənimlə tanış oldular, mövzu ətrafında müzakirə apardıq, sonra getdilər. Elə həmin ilin noyabr ayında yenidən gəldilər və hətta oğlumun toyunda da iştirak etdilər. Sonra isə bəbirləri lentə almaq, tələ-kameraları qoşmaq üçün yüksək dağlıq ərazilərə qalxdıq".
"Biz bəbirlərin izi ilə gedirdik. Daha doğrusu, bəbirlərin daha çox iz buraxdıqları ərazilərdə və xüsusən də bəbirlərin ən çox dolaşdığı mağara ətrafında kameralar quraşdırdıq. Amma bütün cəhdlərimizə baxmayaraq, kameralar heç bir bəbiri çəkə bilməmişdi. Biz kameraları yenidən quraşdırdıq və onlar geri qayıtdı" — "Bəbir adam" bildirir.
Əlavə edir ki, 2013-cü ilin mart ayında Adrian Steirn və onu müşayiət edən çəkiliş qrupu helikopter vasitəsi ilə yenidən Şindanqala adlanan əraziyə gəlib: "Biz Adrianla ərazidə quraşdırdığımız tələ-kameraları götürüb, bizim evə qayıtdıq. Kameraların bəzilərinin batareyası bitmişdi, bəzilərini şaxta korlamışdı, biri isə aşmışdı. Kameralarda görüntünün olmadığını görən Adrian məyus idi. Amma mən aşmış kameraya əmin idim. Hiss edirdim ki, onu bəbir aşırıb və onun görüntüsü düşüb. Mən düşündüyün kimi də oldu. O kameranı bəbir aşırmışdı və görüntüsü də var idi. Adrian o görüntünü görüb çox sevindi. Bu hal həmin sənədli filmdə də var".
Qeyd edək ki, Babaxan Rəhmanov WWF-in Bakı ofisinin işçisidir və bəbirlərin həyatının monitorinqi işi ilə məşğul olur.