Bir neçə il əvvəl Cənubi Afrika Respublikasında yaşayan fotoqraf və rejissor Adrian Steirn bu bəbirlərin sorağı ilə Hirkan Milli Parkına gəlib. Bəbirlərin yaşadığı yerləri tədqiq etmək və bəbirlərin özlərini çəkmək istəyində olan Steirnə və "National Geographic Wild" telekanalının ölkəmizə gələn çəkiliş heyətinə isə, Astaranın Siyov kənd sakini Babaxan Rəhmanov bələdçilik edib.
Beləcə, Babaxanın köməkliyi ilə "Avropanın son bəbiri" adlı sənədli film ərsəyə gəlib. Bəbirlərə olan sevgisinə və işinin də bəbirlərlə bağlı olmasına görə, Babaxanı "Bəbir adam" da adlandırırlar.
55 yaşlı Babaxan Rəhmanov Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyir ki, onda bəbirlərə olan sevgi uşaqlıq vaxtlarından yaranıb.