BAKI, 18 oktyabr — Sputnik. Arvadının öhdəsindən gələ bilməyən Bakı sakini son çarəni polisə üz tutmaqda görüb. Qadın soruşmadan ailənin bütün pul ehtiyatını götürərək aradan çıxıb. Arvadını oğurluqda günahlandıran kişi polisdən onun cəzalandırılmasını istəyir.
Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanları məlumat verib.
Oktyabrın 17-də Məmmədəmin Rəsulzadə küçəsində yaşayan 1958-ci il təvəllüdlü Elman Qafarov (etik məsələlərə görə ad dəyişdirilib) Binəqədi RPİ-nin 4-cü polis bölməsinə müraciət edib. Kişi bildirib ki, oktyabrın 15-də səhər saat 09:00-da onun həyat yoldaşı Qənirə Qafarova (adı dəyişdirilib) evdən 5 min manat pulu və mobil telefonu götürərək çıxıb və o vaxtdan evə qayıtmayıb. Lakin məsələ ondadır ki, kişi polisə arvadının itkin düşməsi ilə bağlı deyil, evdən oğurluq etməsi ilə bağlı müraciət edib.
Əməliyyatçılar qadını dərhal tapıblar, lakin onu cinayət məsuliyyətinə cəlb etməyiblər. Polislər bu incə məsələni necə yoluna qoymağı düşünürlər.
Hüquq-mühafizə orqanları bildirirlər ki, son vaxtlar ər-arvadın bir-birindən polisə şikayət etmə halları çoxalıb. Asayiş keşikçiləri bu halı ailə dəyərlərinin getdikcə aşınması tendensiyası ilə izah edirlər.