BAKI, 18 oktyabr — Sputnik. Yaddaşsızlıq problemi bütün zamanlarda yaşanıb. Amma hazırda demək olar ki, bütün dünyada daha da yayğın hal alıb.
Təsadüfi deyil ki, həm özümüz, həm də ətrafdakılardan tez-tez bu cür cümlələr eşidirik — “Əlimdəki qələmi hara qoymuşamsa, tapa bilmirəm”, “Səhər nə yediyim yadımdan çıxıb”, “Açarları qoyduğum yeri unutmuşam”, “Yaddaşım yaman zəifləyib” və sair. Bəzən hətta telefon, yaxud başqa əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq.
Bəs bu cür halların yaranmasına nə səbəb olur? Niyə bir zamanlar qocalarda rastlanan yaddaş pozğunluğuna indi gənclərdə, hətta uşaqlarda belə, rast gələ bilirik? Yaddaşsızlıq problemini aradan qaldırmaq olarmı? Ailem.az bu və digər məqamlara aydınlıq gətirməyə çalışıb.
Sputnik Azərbaycanın saglamolun.az-a istinadən verdiyi məlumata görə, psixoloq Elnur Rüstəmov deyir ki, bu gün dünya əhalisi yaddaşsızlıq sindromundan və altsheymer xəstəliyindən çox əziyyət çəkir: “Xüsusən yaşa dolduqca problem özünü daha çox göstərir. Əvvəllər altsheymer xəstəliyini adətən 65 yaşdan yuxarı yaşlılarla əlaqələndirirdilərsə, elmin inkişafı xəstəliyə erkən yaşlarda da rast gəlməyin mümkün olduğunu üzə çıxarıb. Belə ki, xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya onun aşağı səviyyədə olmasından əziyyət çəkirlər. Bir də var yaddaşın pozulması ilə bağlı məsələ ki, bu, müxtəlif səbəblərdən ola bilər. Məsələn, stress, diqqət dağınıqlığı bu gün qlobal bir problemdir. Bu nədən yarana bilər? Hazırda bir çoxları işinə konsentrasiya ola bilmir. Bu gün həyatımızda mobil telefon, kompüter və sair kimi diqqəti yayındıran çox şeylər var. Nəticədə insan oxuduğu bir şeyi yaxşı mənimsəyə, onu tam yadında saxlaya bilmir”.
Psixoloqun sözlərinə görə, bu cür hallar insanların beyni həddindən artıq informasiya ilə yükləndiyi üçün yaranır. Ona görə də ifrat informasiya ilə yüklənməmək lazımdır: “Artıq kompüterin özü belə, mobil telefona köçürülüb. Ona görə çalışmaq lazımdır ki, mümkün qədər bu vasitələrin istifadəsi azaldılsın. İnsan ifrat informasiya ilə yüklənməsin. Ən azından stresslə necə davranmağı bilmək lazımdır. Bu bir həqiqətdir ki, stressiz həyat yaşamaq mümkün deyil. Ona görə də heç olmasa stresli hallarda nə etmək lazım olduğunu bilmək lazımdır. Dolayısı ilə hər birimiz özümüzün fərdi psixoloji sağlamlığımızın qeydinə qalmalıyıq. Çünki biz hamımız qlobal proseslərin tərkib hissəsiyik. Bu gün nəinki yaddaşsızlıq, ümumiyyətlə, psixoloji problemlər artıb. Bu problemlərin artmasının bir səbəbi də qeyd etdiyimiz kimi, informasiya əsrində yaşamağımızdır”.
Nevropatoloq Rima İbadova məlumat verir ki, yaddaş problemləri özünü klinik olaraq yaddaş, diqqət, dil və koqnitiv pozğunluqla göstərir: “Yaddaş pozğunluqları zamanı yaxın və uzaq yaddaş pozulur. Yaxın yaddaş pozğunluğu daha çox demensiyada, uzaq yaddaş pozğunluğu isə depressiv hallarda müşahidə olunur. Buna Ribo qanunu da deyilir. Yaddaşsızlığın digər adı demensiyadır. Daha çox 60-65 və yuxarı yaşlarda rastlansa da, getdikcə gəncləşməkdədir. Demensiyaya bəzən ağıl zəifliyi də deyilir. Demensiya qazanılmış bilik və bacarıqların itirilməsi və yenilərinin yaranmamasıdır. Birincili demensiyanın ən geniş yayılmış forması altsheymer xəstəliyidir. Bir də ikincili demensiya mövcuddur. Daha çox damar mənşəli beyin problemləri, B12 vitamin çatışmazlığı, hipotireoz və başqa problemlərdən qaynaqlanır. Həmçinin, internet, kompüter, telefon materiallarından çox istifadə etməyimiz bu problemi erkənləşdirir. O cümlədən, bu, depressiv problemlərlə də müşahidə olunur. Depressiv səbəbli yaddaş problemləri daha qısa zamanlıdır, amma altsheymer daha problemli yaddaşsızlıqdır”.