Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Üç əsr keçsə də..."

© Photo : Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr MuzeyiCəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin zallarından biri, arxiv şəkli
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin zallarından biri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər muzeylərinin əməkdaşları, media nümayəndələri tədbirdə iştirak edəcəklər.

BAKI, 17 oktyabr — Sputnik. Dövlət Teatr Muzeyində "Üç əsr keçsə də…" adlı bədii-musiqili gecə keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, XVIII əsrin böyük Azərbaycan şairi, siyasi və ictimai xadim Molla Pənah Vaqifin bu il anadan olmasının 300 illiyi tamam olur. Vaqif yaradıcılığı ilə Azərbaycan şеiri tarixində yeni bir dövr başlanıb. Realist şеirin ilk nümunələri Molla Pənahın adı ilə bağlıdır. O, Azərbaycan ədəbiyyatında həm yaşadığı dövrün reallıqlarını açıb göstərən şair kimi, həm də məhəbbət və gözəllik tərənnümçüsü kimi şöhrət qazanıb. Şair həm də Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri kimi sarayda xidmət göstərib.

Odur ki, Vaqifin təkcə yaradıcılığı deyil, bir tarixi şəxsiyyət kimi də keçdiyi yol xalqımız üçün həmişə maraq kəsb edib. Elə on illərlə teatrlarımızın səhnəsindən düşməyən "Vaqif" dramı da, "Vaqif" operası da təsadüfi yaranmayıb. Vaqif irsi daima öyrənilib və sevilərək təbliğ olunub. Əsrlər keçsə də, onun şeirləri, qəzəlləri bu günə qədər dillər əzbəridir. Bu böyük şəxsiyyətin yaradıcılığı bu gün yalnız sadə xalqın deyil, dövlətimizin də diqqət mərkəzindədir.

Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 18 oktyabr 2017-ci il tarixində saat 14:00 də "Üç əsr keçsə də…" adlı bədii-musiqili gecə keçiriləcək. Gecədə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə aşıqlardan ibarət saz havaları səslənəcək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasının müəllimi, bədii qiraət ustası Məleykə Məmmədova şairin qəzəl və qoşmalarından nümunələr söyləyəcək.

Həmçinin tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdləri tərəfindən Xalq şairi S.Vurğunun "Vaqif" dramından səhnəcik göstəriləcək, şeirlər səslənəcək, vokal sinfinin trio ansamblının müşayiəti ilə "Qarabağ şikəstəsi" ifa olunacaq və "Vaqif" dramının səhnə təcəssümünü əks etdirən video-çarx nümayiş etdiriləcəkdir.

Mədəniyyət və incəsənət xadimləri, Bakı şəhər muzeylərinin əməkdaşları, media nümayəndələri tədbirdə iştirak edəcəklər.

Xəbər lenti
0