BAKI, 18 oktyabr — Sputnik. Bakıda bir yeniyetmə, səbəbsiz yerə, az qala öz həmyaşıdını o biri dünyaya göndərəcəkdi. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.
Oktyabrın 17-si saat 14:00-da, Bağırov küçəsindəki 14 nömrəli binada yaşayan məktəblilər – 2000-ci il təvəllüDlü Qəhrəmanov Murad Cavanşir oğlu və 2001-ci il təvəllüdlü Bəşirov Emin Bilal oğlu arasında toqquşma (bir-birinin çiyninə toxunublar) baş verib. Yeniyetmələr arasında boş yerə başlamış münaqişə bıçaqlaşma ilə nəticələnib.
Bəşirov Qəhrəmanovun sinəsinə bıçaq zərbəsi endirərək onu yaralayıb. Cinayətdən dərhal sonra Bəşirov gizlənib. Amma Xətai rayon Polis İdarəsinin 37-ci bölməsinin əməkdaşları onu qısa bir zamanda saxlayıblar.
İlkin məlumatlara görə, yuxarı sinif şagirdləri arasında münaqişə birinin digərinin çiyninə toxunması ilə başlayıb. Bu hərəkət əsəblərin gərilməsinə, ana söyüşünə və qan axıdılmasına qədər aparıb çıxarıb.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, son vaxtlar özləri ilə bıçaq gəzdirən uşaqların sayı artıb. Xüsusilə məişət səviyyəli mübahisələr zəminində bıçaqlanmaların da sayı çoxalıb. Oktyabr ayı ərzində paytaxtda bıçaqla bədənə ağır xəsarət yetirmə ilə bağlı 11 fakt qeydə alınıb, onlardan 9-nun üstü açılıb.