Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Büdcəmizə qənaət etməli olacağıq

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Dekabr ayından başlayaraq ərzaq qiymətlərində daha ciddi artımın olması ehtimalı var"

BAKI, 18 oktyabr — Sputnik. Bu ilin yekununda Azərbaycanda inflyasiya 14% təşkil edəcək. Bunu "Reuters" agentliyinə müsahibəsində, Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov deyib.

Marketdə piştaxtalar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkədə qiymət artımı gözlənilir

Onun sözlərinə görə, manatın məzənnəsi sabit qalarsa və tariflər artırılmazsa, gələn il qiymət artımı 10% olacaq: "İnflyasiyanın səviyyəsi nəzərə alınaraq Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 15% səviyyəsində saxlayıb. AMB ədalətli olaraq uçot dərəcəsini azaltmayıb".

Qeyd edək ki, ADB bundan əvvəl 2017-ci ildə Azərbaycanda qiymətlərin 9% artacağını proqnozlaşdırırdı.

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlamasında, Azərbaycanda inflyasiyaya təsir göstərən əsas faktorlardan birinin valyuta kursları olduğunu deyib: "Manatın dəyərdən düşməsi Azərbaycana idxal olunan məhsulların qiymətini yüksəldir. Bu, əsas mənbələrdən biridir, amma, həlledici deyil".

© Photo : Из личного архива Э. БагирзадеElşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

Onun sözlərinə görə, hazırda Mərkəzi Bank sərt pul-kredit siyasəti aparır və pulun da dövriyyədəki həcmini kifayət qədər azaldıb: "Bu baxımdan düşünürəm ki, Mərkəzi Bankın siyasəti də gələn il kifayət qədər ehtiyatlı olacaq. Yəni, bu istiqamətdə ciddi bir artım olmayacaq".

"Belə olan halda inflyasiya dərəcəsində müəyyən qədər azalma müşahidə etmək olar. Gələn il qiymət artımının dəqiq 9-10 faiz olacağını demək mümkün deyil. Amma hər halda, bu şərtləri, amilləri nəzərə alsaq, bu ilkindən daha yüksək olacağını düşünmürəm" — E. Bağırzadə bildirib.

Ekspertin fikrincə, uçot dərəcəsinin azaldılması pul bazasının genişləndirilməsi demək olardı: "Bu da Azərbaycanda inflyasiyaya təkan verən faktor olacaqdı. Anti-inflyasiya siyasəti çərçivəsində Mərkəzi Bankın atdığı addım düzgündür".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında, 14 faiz inflyasiyanın yüksək rəqəm olduğunu deyib: "İnflyasiya böyük sürətlə gedir. Əsasən ərzaq inflyasiyası rəsmi rəqəmlərə görə, hətta 18 faizi keçib. Azərbaycan əhalisini ən çox narahat edən məhz ərzaq inflyasiyasıdır. Çünki Azərbaycanda əhalinin gəlirlərinin az qala 60 faizə yaxını məhz ərzağa xərclənir".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

O, hesab edir ki, bu ilin sonuna Azərbaycanda inflyasiyanın 14 faiz olması gözləniləndir: "İlin sonunda çox güman ki, buna yaxın rəqəm rəsmi açıqlanacaq".

Ekspertin fikrincə, gələn il qiymət artımının 10 faiz olması da az deyil: "Çünki bu il 14 faiz inflyasiyanın olduğunu nəzərə alsaq, gələn ilin inflyasiyası buna uyğun hesablanacaq. Hətta bu, bəzi məsələlərdən də asılı olacaq, xüsusilə neftin qiymətlərinə bağlı olacaq. Neftin qiymətləri hələlik kifayət qədər komfort səviyyədədir, 55-56 dollar civarındadır. Amma gələn il neftin qiymətində ciddi dəyişiklik olarsa və ya qiymət azalarsa, bu, inflyasiya basqısını artıracaq amillərdən birinə çevrilə bilər".

"Digər məsələ odur ki, gələn il investisiya xərclərinin artması gözlənilir. Bunu son toplantıda prezident də elan etdi. İnvestisiya xərcləri artacaqsa, dövlət investisiya layihələrinin həcmi artacaqsa, bu zaman manat dövriyyəsinin artması ehtimalı güclənir. Dövriyyədə olan manat kütləsinin həcmi artdıqca bu da inflyasiya basqılarını artıracaq" — Cəfərli bildirib.

Uçot dərəcəsinə gəlincə, ekspert deyib ki, inflyasiya yüksək olduğu zaman bütün dövlətlərdə uçot dərəcəsini qaldırırlar ki, inflyasiya basqılarını azaltsınlar: "Amma Azərbaycanda bunun effektini hələ görmürük. Yəni, uçot dərəcəsi 15 faiz civarındadır, inflyasiya da 14-15 faiz civarındadır. Uzun zamandır ki, yüksək faizlər inflyasiyanı cilovlamağa yetərli deyil. Deməli, başqa alətlərdən də istifadə etmək lazımdır".

Mütəxəssisin sözlərinə görə, hökumət və Mərkəzi Bank həssas məqamlarda birgə hərəkət etməlidir: "Yəni, həm inflyasiyanın cilovlanması üçün addımlar atılmalı, həm də iqtisadi aktivliyin artırılması üçün addımlar atılmalıdır. Bəzən bu addımların sinxron atılmaması daha mənfi nəticələrə gətirib çıxardır. Həm inflyasiyanı yüksəldir, həm də iqtisadi aktivliyi zəiflədə bilər. Sinxron addımların atılması çox vacibdir".

Gələn il ərzağın qiymətləri məsələsinə də toxunan ekspertin sözlərinə görə, mövsümi amillərin gələcək həftələrdə daha ciddi şəkildə qiymətlərə basqı yaratması ehtimalı yüksəkdir: "Çünki yerli məhsullar mövsümlə əlaqədar bazarlarda azalacaq. Daha çox xaricdən gətirilən məhsullar üstünlük təşkil etməyə başlayacaq. Bundan başqa, yerli məhsulların bazarda həcmi azalacaq. Bu da ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olur".

"Dekabr ayından başlayaraq ərzaq qiymətlərində daha ciddi artımın olması ehtimalı var. Daha bir mənfi ənənə odur ki, Azərbaycanda qiymətlər artıqdan sonra yenidən aşağı düşmür. Ərzaq qiymətləri Novruz bayramına qədər artan xətlə gedəcək. Yaz mövsümündə isə müəyyən dərəcədə, əsasən də kənd təsərrüfatı məhsullarında qiymətlərin sabitləşməsini görə bilərik" — ekspert vurğulayıb.

Xəbər lenti
0