BAKI, 18 oktyabr — Sputnik. ABŞ-la Türkiyə arasında viza böhranı davam edir. Viza məsələsinin həlli üçün Vaşinqton Ankara qarşısında 4 şərt irəli sürüb. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən həmin şərtləri sadalayır:
1. İki həftə əvvəl həbs edilən, səfirlik əməkdaşı Metin Topuz və Mete C. ilə bağlı dəlillər ABŞ-a təqdim edilməlidir.
2. Konsulluq əməkdaşlarına dair araşdırma haqda ABŞ-a məlumat verilməlidir.
3. Terror təşkilatı ilə iddia olunan təmaslarının ABŞ-ın istəyinə uyğun olub-olmadığı dəqiqləşdirilməlidir.
4. Konsulluq əməkdaşları ABŞ-ın istəyi ilə təmaslar qurubsa, həbs olunmamalıdır.
Buna qarşılıq olaraq Türkiyə hökuməti heç bir şərtin qəbul edilməyəcəyini bəyan edib. "Heç bir ilkin şərti qəbul etmirik, ABŞ-la müzakirələr şərt olmadan başlamalıdır" — rəsmi Ankara bildirib.