Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 17 oktyabr — Sputnik. Dərs ili başlayan kimi, valideynlərin də pul xərcləmək dərdi başlayır. Qələm al, dəftər al, xətkeş al, forma al, dərslik al… Son illər isə bu xərclərin üzərinə daha biri əlavə olunub: test kitabları. Və bu test kitabları kifayət qədər bahalıdır.
Maraqlıdır ki, müəllimlərin məktəblərdə tələb etdiyi dərs vəsaitlərini Təhsil Nazirliyi deyil, digər qurumlar, məsələn, Dövlət İmtahan Mərkəzi çap edir. Təhsilə birbaşa cavabdeh olan Təhsil Nazirliyinin (qeyd edək ki, DİM-in səlahiyyətlərinə ancaq imtahan keçirtmək daxildir) payladığı pulsuz kitablarla kifayətlənməyən müəllimlər, çox zaman əlavə test kitablarının alınmasını da, məhz tələb edirlər.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, bu kitabçalar əlavə vəsaitdir və müəllimlər onu şagirdlərdən mütləq şəkildə tələb edə bilməzlər: "Sadəcə olaraq, müəllimlər mövzunun mənimsəmə faizini artırmaq üçün bu kitabçalardan istifadə edirlər. Çünki təhsil proqramlarında müəllim üçün metodik vəsaitdə qeyd olunur ki, müəllimlər, tədris etdikləri mövzunun şagirdlər tərəfindən yaxşı mənimsənməsi üçün test tapşırığı tərtib etməlidir. Onlar da test yazmaqdansa, tənbəllik edib DİM-in nəşr etdiyi test kitabçalarını tələb edirlər. Bu da doğru deyil".
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən, orta məktəbdə təhsil alan bütün şagirdlər pulsuz olaraq dərslik və dərs vəsaitləri ilə təmin olunur. Bu, o deməkdir ki, ölkə başçısı təhsildə bərabər imkanlar yaradılmasını və maddi imkanı olmayanların təhsildən məhrum olmamasını istəyir. Müəllimlər isə əlavə təhsil üçün kitablar və test kitabçaları tələb edirlər. Bu da səhvdir" — ekspert bildirib.
"Bəlkə hansısa şagirdin ailəsinin bu kitabçanı almağa maddi imkanı yoxdur? Nəzərə alsaq ki, hər bir sinif şagirdi, ən azı 8-9 fəndən təhsil alır, o zaman valideyn, dəyəri 6-8 manat olan bir neçə test kitabçası alsa, kifayət qədər pul xərcləməli olacaq. Təbii ki, hər ailənin maddi imkanı yaxşı deyil və övladlarına əlavə kitablar ala bilmir. Bir sözlə, orta məktəblərdə şagirdlərdən nə iş dəftəri, nə də test tapşırığı kitabçası tələb oluna bilməz" – deyə Kamran Əsədov əlavə edib.
Məsələyə Təhsil Nazirliyindən də rəsmi cavab verilib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a bildirib ki, test tapşırıqları tədris kontekstinə əlavə edilən vasitə deyil: "Bu kitabçalar keçilən dərslərin daha da mükəmməl qavranması üçün istifadə olunan vasitələrdir. Amma test kitabçalarını nazirlik tələb etmir. Müəllim bu vasitələri sadəcə şagirdin daha yaxşı təhsil alması üçün istifadə edir. Nazirlik bunu tələb etməsə də, müəllimin daha keyfiyyətli təhsil verməsi üçün bu kitabçalardan istifadəsinə də etiraz etmir".
Orta məktəblərdən birində müəllim işləyən Aynur Zamanova bildirib ki, məktəblərdə müəllimlər dərslərin keyfiyyətini artırmaq üçün test kitablarından istifadə edirlər: "Tədris etdiyim fənn riyaziyyat-informatikadır. Mən də şagirdlərimə riyaziyyat fənnindən test kitabçası almağı tapşırıram".
"Bunun bir səbəbi var. Riyaziyyat fənni üzrə dərsliklərdə tapşırıqlar çox azdır. Mən də məcbur olub digər vəsaitlərdən istifadə edirəm ki, şagirdlər mövzunu daha yaxşı öyrənə bilsinlər" — müəllim deyib.
"Doğrudur, biz müəllimlərin şagirdlərdən test tapşırıq kitablarını almağı tələb etmək ixtiyarımız yoxdur. Amma şagirdin mövzunu daha yaxşı qavraması üçün bunu edirik. Bəzi şagirdlər var ki, onların maddi imkanları çatmır. Onlara özüm evdə hazırladığım misallar və testləri verirəm, onların mövzunu daha yaxşı öyrənməsinə bu yolla kömək edirəm" – deyə Zamanova əlavə edib.