BAKI, 18 oktyabr — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir beynəlxalq festivala yola düşür. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, teatrın direktoru Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət 18-19 oktyabr tarixlərində Türkiyənin Adana şəhərində baş tutacaq IV Şəhər Teatrları Görüşü Festivalında ölkəmizi təmsil edəcək.
Adana Şəhər Şəhər Teatrları İdarəsi tərəfindən düzənlənən festivalın təşkilində əsas məqsəd müxtəlif ölkələrdən teatrları bir araya gətirməklə onların qarşılıqlı mübadiləsinə nail olmaqdır.
Dövlət Kukla Teatr bu festivalda repertuarın uğurlu tamaşalarından olan və artıq bir neçə beynəlxalq festivaldan birinciliklə qayıdan "Zəng" mono-tamaşası ilə çıxış edəcək.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.
Qeyd edək ki, həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Xatırladaq ki, 16 oktyabr 1 noyabr tarixlərini əhatə edən festivalda Türkiyə, Azərbaycan, Gürcüstan və Kiprin 18 teatrı müxtəlif janrlarda 18 tamaşa ilə çıxış edəcəklər.