BAKI, 16 oktyabr — Sputnik. Oktyabrın 15-ə keçən gecə Bakıda baş verən silahlı insidentin təfərrüatı məlum olub. Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, insidentə söyüş səbəb olub.
Belə ki, iki-üç gün əvvəl cinayətdə adı hallanan şəxslər Müşfiq Mədətovla bir məclisdə olublar. Həmin məclisdə onlarla Mədətov arasında münaqişə baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf bıçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub.
Rəis müavininə atəş açanlar — Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov ifadələrində bildiriblər ki, polisləri Müşfiqin adamları zənn ediblər: "Əgər polis olduqlarını bilsəydik, atəş açmazdıq. O zaman ancaq xuliqanlıq maddəsi ilə dindiriləcəkdik, uzağı 1000 manatla buraxıla bilərdik".
Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobil, Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur. Avtomobili etibarnamə ilə idarə edən Emin Həsənov isə "Transgeyt" nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır.