BAKI, 15 oktyabr — Sputnik. Ötən gecə Bakıda polis əməkdaşlarına xəsarət yetirən dəstə üzvlərinin kimlikləri məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun "Qafqazinfo"ya verdiyi məlumata görə, həmin şəxslərin tutulması üçün bu gün əməliyyat keçirilib.
"Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır" — deyə E. Zahidov bildirib.
O, əlavə edib ki, cinayətkar dəstə üzvləri müəyyənləşdirilib: "Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir".
Xatırladaq ki, Bakıda polis əməkdaşlarına hücum edilib. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Səbail rayonunda, "Təzə bəy" hamamının qarşısında baş verib.
Hadisə nəticəsində, Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Orxan Abdullayev və Nizami RPİ-nin 23-cü polis bölməsinin keçmiş rəisi Müşfiq Mədətov yaralanıb.
Bildirilir ki, silahlı insident ötən gecə saat 3 radələrində baş verib. Ərazidə yerləşən çay evində, naməlum şəxslər Mədətova bıçaqla hücum edərək, boğazından xəsarət yetiriblər. Məlumat daxil olan kimi, əməliyyatçılar hadisəni törədən şəxsi yaxalamaq üçün hərəkətə keçiblər.
"Koroğlu" metrostansiyasının yaxınlığında həmin şəxslərdən birini yaxalamaq mümkün olub. Lakin onlardan biri polis əməkdaşlarına "Vinçester" markalı odlu silahdan atəş açıb. Bunun nəticəsində Orxan Abdullayev ayağından yaralanıb.
Hazırda fakt üzrə araşdırma aparılır. 3 nəfər şübhəli şəxs qismində saxlanılıb, lakin onların kimliyi barədə məlumat verilmir.
Əldə olunan məlumata görə, atəş açan şəxs "Toyota Prado" markalı avtomobildə olub. Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O. Axundzadə yaralanıb.
Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.
Onu da əlavə edək ki, Müşfiq Mədətov mərhum prezident Heydər Əliyevin mühafizəçisi olub.