Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 14 oktyabr — Sputnik. Ötən günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınların ödənişsiz əsaslarla oxumasının təmin edilməsini təklif edib. O, qeyd edib ki, həmin qadınlar ödənişli əsaslarla universitetə qəbul olsalar da, onlara ödənişsiz qaydada oxumaq üçün imkan yaradılır.
"Hesab edirəm ki, qadın tələbənin təhsil haqqı üçün gedib pul axtarması həm onun özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Təklifin reallaşması həm də Prezidentin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, ya çoxdur" — deputat vurğulayıb.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra özəl universitetlər yarandı və özəl universitetlər maliyyə xərclərini tələbələrin təhsil haqqı hesabına ödəməyə başladı: "Bəzi kateqoriyalar üçün təhsil haqqının ödənilməsi ilə bağlı güzəştlər tətbiq olundu. Məsələn, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid, əlil olmuş şəxslərin övladlarına güzəşt tətbiq olunur. Bundan başqa, məcburi köçkünlər, valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azaddırlar".
Onun sözlərinə görə, buna baxmayaraq, müəyyən kateqoriyadan olan bəzi digər şəxslərə də güzəşt etmək lazımdır: "Bunlar qadınlardır. Azərbaycan cəmiyyətində ali məktəblərə qəbul imtahanlarında yüksək faiz, məhz qadınların payına düşür. Hesab edirəm ki, bu güzəşt qadınların təhsilə gəlməsinə daha da geniş şərait yaradacaq".
"Bu tipli güzəştlərin tətbiqi müsbətdir. Bu, dünya təcrübəsində də var. Onsuz da Azərbaycanda ali təhsil alan istər hamilə, istər uşağı olan qadınların sayı çox deyil. Düşünmürəm ki, hamilə, uşağı olan qadınlar təhsil alan zaman təhsil haqlarını hansısa mənbələrdən axtarsınlar. Onların ailələri buna dəstək verir. Amma ümumilikdə isə, təhsil haqqının ödənilməsi ilə bağlı təhsil alanlara güzəşt edilməsi dövlətin prioritet istiqamətli siyasəti olmalıdır. Belə güzəştin tətbiqi mütərəqqi addım olardı" — Əsədov bildirib.
Ekspertin fikrincə, güzəştlərin tətbiq edilməsi təhsil alanların sayına və keyfiyyət artımına gətirib çıxardacaq: "Çünki son 5 ildə 7 mindən çox şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Bunların arasında qadınların sayı kifayət qədər çoxdur. Hansılar ki, ali məktəbə qəbul olduqdan sonra ailə həyatı qurublar və onların təhsillərini davam etdirmək üçün maddi imkanları olmayıb. Hesab edirəm ki, növbəti illərdə, məhz qadınların dövlət büdcəsinin vəsaiti hesabına təhsil haqlarının ödənilməsi müsbət addım olar".
Psixoloq Tariyel Faziloğlu isə Sputnik Azərbaycan-a açıqlamasında, ümumiyyətlə, doğuşdan sonra bütün qadınlarda psixoloji pozuntunun getdiyini deyib: "Doğuşdan sonrakı psixoloji pozuntu bəzilərində çox zəif getsə də, bir çox qadınlarda çox aqressiv şəkildə özünü göstərir. Bununla bağlı proqram qəbul edilməlidir ki, doğuşdan sonra qadınlar daim psixoloji reabilitasiya alsınlar".
"Çünki reabilitasiya almadıqlarına görə doğuşdan sonra psixoloji pozuntular ciddi mənfi nəticələrə səbəb ola bilər. Bu, qadının nevroz olması, nevrotik pozuntulara çevrilməsi, uşağına qarşı aqressiv davranışı və ya həddindən çox asılılıq vəziyyətinə gəlməsi şəklində özünü göstərir. Bu, ailələrin dağılmasına da səbəb ola bilir" — mütəxəssis diqqətə çatdırıb.
Psixoloq millət vəkilinin təklifini dəstəkləyib: "Hamilə və 2 yaşadək körpəsi olan qadınları maksimum dərəcədə stressli məqamlardan kənar saxlamaq lazımdır. Onlarda olan psixoloji pozuntunun üzərinə bir də təhsil haqqının ödənişi ilə bağlı stress əlavə olunsa, daha ciddi problemlər ortaya çıxa bilər. Yəni, ikiqat və yaxud da üçqat ciddi psixo-patoloji problemlər ortaya çıxa bilər".