BAKI, 14 oktyabr — Sputnik. "Bakı Metropoliteni" QSC sərnişinlərin narahatçılığına səbəb olan "Qatarlar niyə ard-arda "İçərişəhər" metrostansiyasnına gedir" sualına cabab verib. Sputnik Azərbaycan-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, "Həzi Aslanov" stansiyasından üzü "28 May" stansiyası istiqamətinə ard-arda, həm "İçərişəhər", həm də "Dərnəgül" qatarları hərəkətə başlaya bilər.
"Çünki, qrafik belə nəzərdə tutulub. Məsələn, səhər 07:44 dəqiqədə "Həzi Aslanov" stansiyasında 9 saylı marşrut üzrə hərəkət edən qatar "İçərişəhər"ə istiqamət götürür. Onun ardınca növbəti qatar 07:48-də yenə "İçərişəhər" istiqamətinə hərəkət edən 7 saylı marşrutdur. Hər iki qatar "Neftçilər" stansiyasına qədər dalbadal gəlir. 07:53-də isə bu iki qatarın arasına 38 saylı marşrut üzrə hərəkət edən "Dərnəgül" qatarı girir" — o bildirib.
Paşayevin sözlərinə görə, burada sadə məqsəd var: "Pik saatda "Həzi Aslanov"dan "Neftçilər"ə qədər sərnişinlər çox olduğu üçün qatarlar dolur və növbəti stansiyada gözləyən sərnişinlər üçün "Neftçilər" stansiyasının dalanından 07:53, 08:25, 08:57-də "Dərnəgül" istiqamətinə qatarlar buraxılır. Eyni zamanda, 07:58 və 08:02 dəqiqədə "Həzi Aslanov" stansiyasından iki "Dərnəgül" qatarı çıxır. 08:18 dəqiqədə isə bu iki qatarın arasına "Bakmil" stansiyasından gələn "İçərişəhər" qatarı girir. Göründüyü kimi, "28 May" stansiyasından hər zaman 1 qatar "İçərişəhər"ə, biri isə "Dərnəgül"ə hərəkət edir. Sübh tezdən və gecə saatlarında istisnalar ola bilər".
Metropoliten sözçüsü əlavə edib ki, söhbət tərtib olunmuş qrafikdən gedir: "Yəni xətdə baş vermiş nasazlıq və digər səbəblərdən istisnalar mümkündür".