BAKI, 14 oktyabr — Sputnik. Dünən axşam saatlarında Meksikada yenidən zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Meksikanın Oaxaka ştatında 5,5 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Salina Krus şəhərinin 23 km cənub-şərqində, zəlzələ ocağı yerin 93 km dərinliyində olub. Zəlzələ zamanı dağıntı və ölüm qeydə alınmayıb.
Qeyd edək ki, oktyabrın 11-də həmin ərazidə 5,1 bal gücündə zəlzələ qeydə alınmışdı. Daha dağıdıcı (7,1 bal gücündə) zəlzələ isə, cari il sentyabrın 19-da Mexikodan 120 km uzaqlıqda baş vermişdi. Həmin zəlzələ zamanı 400-dən çox insan həlak olmuşdu.