BAKI, 13 oktyabr — Sputnik. Türkiyə, Rusiya və İran arasında əldə edilən razılaşma çərçivəsində, təhlükəsizlik bölgəsi elan edilən Suriyanın İdlib şəhərində hərbi əməliyyatlar davam edir. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, kəşfiyyat işləri ilə bağlı dünən gecə Türkiyənin xüsusi təyinatlıları və zirehli maşınları İdlib ərazisinə daxil olub.
Sərhədi keçən şəxsi heyət və zirehli texnikanın sayına dair isə fərqli məlumatlar var. Bəzi mənbələrə görə, 12 zirehli maşın və 80-ə yaxın xüsusi təyinatlı sərhədi keçib. Bundan başqa, gecə saatlarında 15 tank da sərhədə yerləşdirilib.
Digər tərəfdən, BMT-nin 25 yardım TIR-ı da Türkiyə ərazisindən Suriyaya keçib. BMT səlahiyyətliləri yardımın İdlibdə yaşayan dinc əhaliyə paylanılacağını açıqlayıb.