BAKI, 13 oktyabr — Sputnik. Ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub.
Bu barədə Sputnik-Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki,əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.
Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39004 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib.
2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2080 nəfər Azərbaycana gələn, 1202 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.