BAKI, 13 oktyabr — Sputnik. İran İslam Respublikasının vətəndaşı, Azərbaycan Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi, qətlə yetirilib. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Cinayət oktyabrın 12-si gecə, Novxanı bağları qəsəbəsində törədilib. İranlı biznesmenin 1994-cü il təvəllüdlü oğlu Möhtati Saaman Neymet oğlu öz evində qətlə yetirilib.
Qatil qurbanını yastıqla boğub. Öldürülən şəxsin meyiti üzərində başqa hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
İranlının evində quraşdırılmış müşahidə kamerası 4 maskalı şəxsin binaya necə daxil olduğunu qeydə alıb. Məlumata görə, cinayətkarlar evdən 50 min manat oğurlayıblar.
Bir sıra məlumatlara görə, Möhtati ailəsi tez-tez bağ evinə gedir. Bu böyük yaraşıqlı evdə daim çoxlu qonaq olur və qonşuların dediklərinə görə, burada vaxtaşırı kliplər, verilişlər çəkilirmiş. Deyilənə görə, orada hətta serial da çəkilib.
Oktyabrın 12-də tələbə atası ilə mübahisə edərək Novxanıdakı evlərinə gedib və burada qətlin qurbanı olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu qətldə iştirak edən şəxslərin kimliyini araşdırır. İlkin məlumata görə, asayiş keşikçiləri artıq şübhəlilərin izinə düşüblər. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.