BAKI, 12 oktyabr — Sputnik. Avropalıların əksəriyyəti hesab edir ki, digər ölkələrdə seçkilərə ABŞ təsir edir. Bu fikri Fransa və Polşa vətəndaşlarının 43%-i, almanların 41%-i, britaniyalıların isə 33%-i müdafiə edir.
Sözügedən sorğunu Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik radiosu və agentliyi üçün Ifop şirkəti keçirib.
Avropa qitəsində seçkilərə Rusiyanın müdaxiləsi barədə rəyi soruşulanların üçdə birdən də az hissəsi düşünür. Polşalıların 29%-i, almanların 28%-i, fransızların 27%-i Rusiyanın xaricdə seçkilərə müdaxilə etdiyi fikri ilə razıdır. Britaniyalıların isə sadəcə beşdə biri — 21%-i belə fikirləşir.
Bununla belə, Böyük Britaniyada xarici ölkələrdə seçkiyə Avropa İttifaqının müdaxilə etdiyini düşünənlərin sayı digər Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu fikri britaniyalıların 18%-i müdafiə edir. Fransada rəyi soruşulanların 8%-i, Almaniyada 10%-i, Polşada isə 12%-i Aİ-nin seçkiyə müdaxilə etdiyi fikri ilə razıdır.
Maraqlıdır ki, bütün ölkələrdə ABŞ-ın xaricdəki seçkilərə müdaxilə etdiyini düşünənlərin əksəriyyəti yaşı 35-dən aşağı gənclər və ali təhsilli insanlardır. Almaniya (55%) və Polşada (51%) gənclərin yarıdan çoxu ABŞ-ın xaricdəki seçkilərə müdaxilə etdiyi fikrini dəstəkləyir. Ali təhsilli şəxslər arasında bu fikri bölüşənlərin 53%-i polşalı, 47%-i alman, 46%-i fransız və 34%-i britaniyalıdır.
Sorğu 20-27 sentyabr tarixlərində ictimai rəyin öyrənilməsi ilə məşğul olan qədim Fransa şirkəti IFop tərəfindən keçirilib. Sorğuda Fransa, Almaniya, Böyük Britaniya və Polşanın yaşı 18-dən yuxarı olan 3 228 vətəndaşı iştirak edib. Respondentlər cinsinə, yaşına və yaşadığı coğrafi əraziyə görə seçilib. Rəy sorğusunda yanılma ehtimalı ümumilikdə maksimum +/- 3,1% təşkil edir. Onun etibarlılıq dərəcəsi 95%-dir.
Sputnik.Rəy layihəsi haqqında
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri IFOP çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.
Sputnik — onlarla ölkədə informasiya və multimedia bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.