BAKI, 12 oktyabr — Sputnik. "Bu il sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalanıb. Yeni "Əsrin müqaviləsi" adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir".
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakıda işə başlayan "Argus" beynəlxalq neft sammitinin açılışında çıxışı zamanı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev belə deyib. O bildirib ki, AÇG yataqlar blokunun işlənməsi üzrə yeni sazişin imzalanması və burada Azərbaycan üçün daha əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatının gücünü bir daha nümayiş etdirir.
"AÇG" üzrə 1994-cü ildə saziş imzalananda bu blokun ehtiyatları 510 mln. ton həcmində qiymətləndirilirdi. 1997-ci ldən, yəni 20 ildir ki, yataqlar blokundan hasilat həyata keçirilir. Buradan 550 mln. tondan artıq çıxarılmayan neft ehtiyatları olduğu da müəyyənləşib" — Abdullayev əlavə edib.
SOCAR prezidenti Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsindən də danışaraq qeyd edib ki, layihənin bütün seqmentləri üzrə işlər qrafikə uyğun davam edir: "TANAP-la 2018-ci ildə Türkiyəyə, TAP-la 2020-ci ilin əvvəlində Avropaya Azərbaycan qazı nəql olunacaq".