İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 12 oktyabr — Sputnik. Bu gün müsahibəsini təqdim etdiyimiz şəxsin adı geniş ictimaiyyət tərəfindən o qədər də tanınmır. Amma siyasət aləmində kifayət qədər məşhurdur. Söhbət Qaqauziya Muxtar Ərazi Bölümünün keçmiş rəhbəri Mixail Formuzaldan gedir.
Haşiyə: Qaqauziya — Moldova Respublikası tərkibində muxtar ərazi. Sahəsi 1831 km²-dir. Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrində oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlardakı Makedoniya, Paristrione, Yunanıstan və Bolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd ediliblər. Bəzi müəlliflərə görə, qədim Kutriqurların davamçılarıdır. Necə yarandıqları haqqında 19 fərqli iddia var. XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslavlığı qəbul ediblər, daha sonra Osmanlı imperiyasının hakimiyyəti altında qalıblar. Tadeuş Yan Kovalskinin fikrincə, qaqauzlar Səlcuq sultanı II Keykavusla birlikdə Dobruca bölgəsinə gəlib, zamanla xristianlığı qəbul ediblər. Bu ideyaya görə, "Qaqauz" adı elə Keykavusdan gəlir. Başqa bir iddiaya görə, qaqauzlar özlərini əsl bulqar və ya slavyan olmayan bulqar kimi görürmüşlər və buna görə də onlar qədim türk tayfası olan bulqarlardır.
Əsasən 1812-ci ildə Bolqarıstandan Moldovaya köçürülüblər. 1906-cı ildə Andrey Qalaçanın başçılıq etdiyi kəndli üsyanı başlayıb və Bender uyezdində cəmi 5 gün həyat sürmüş Komrat Respublikası elan edilib. 1917-ci ilədək Rusiya imperiyası tərkibində yaşayıblar. Bu tarixdən sonra Rumıniya (1918-1944) və Moldova SSR (1944-1991) tərkibində olublar. 1994-cü ilədək Moldova hökuməti Qaqauziyaya muxtariyyət verməyib. Ancaq 23 dekabr 1994-cü ildə Qaqauziya Muxtar Ərazi Bölümü yaradılıb.
Mixal Formuzal 2006-cı il dekabrın 19-da ilk dəfə Qaqauziyanın rəhbəri seçilib. Seçkilərdən sonra Moldova rəhbərliyi ilə konstruktiv işləmək niyyətində olduğunu bildirib. Heç bir zaman sələflərini tənqid etməyəcəyinə söz versə də, onların mandatı dövründə başlanmış bütün layihələri dayandıracağını da gizlətməyib. Həmin il dekabrın 29-da Mixail Formuzalın andiçmə mərasimi keçirilib. 2007-ci il yanvarın 16-da Moldova prezidenti Vladimir Voronin tərəfindən onun rəhbərliyi təsdiqlənib. Formuzal 2010-cu il seçkilərində ikinci dəfə başqan seçilib.
Sputnik Azərbaycan Qaqauziya Muxtar Ərazi Bölümünün keçmiş başqanı Mixail Formuzal ilə müsahibəni təqdim edir.
— Bu gün Azərbaycan və Qaqauziya Muxtar Ərazi Bölümü arasında əlaqələr nə yerdədir?
— Bizim əlaqələrimizin səmimi münasibətlər üzərində qurulan tarixi var. Əlaqələrimizin əsası hələ Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin dövründə qoyulub. Bizim uşaqlarımızın Azərbaycanda təhsil almağa başladığı həmin dövrdə dövlət onlara dəstək göstərdi. Sonrakı dövrlərdə bizim əlaqələrimiz daha da genişləndi. Bu gün Azərbaycan və Qaqauziya arasında iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq var. Bundan əlavə, Azərbaycan rəhbərliyinin Qaqauziyada həyata keçirdiyi sosial əhəmiyyətli layihələri də qeyd etmək lazımdır.
— Siz ara-sıra Azərbaycana gəlirsiniz. Bu səfərlər birgə layihələrlə bağlıdır?
— Təəssüf ki, son iki il ərzində Azərbaycana səfər etməmişəm. Birgə layihələrə gəldikdə, şərabçılarımız arasında əməkdaşlıq ideyasını irəli sürmüşük. Azərbaycan rəhbərliyi iqtisadiyyatın bu sahəsinə böyük diqqət ayırır, geniş miqyaslı layihələr həyata keçirir, maliyyə vəsaiti ayırır. Bizdə isə geniş təcrübə və müvafiq texnologiyalar var. Əminəm ki, birgə əməkdaşlığın qarşılıqlı faydası olacaq. Qeyd edək ki, Azərbaycan Elmlər Akademiyası bizim alimlərimizə və onlarla əməkdaşlığa ciddi diqqət göstərir. Biz artıq formalaşan regional əməkdaşlığın inkişafı ideyasını irəli sürmüşük. Ortaq əməkdaşlığımızın digər komponentləri də var.
— Qaqauziya əcnəbi investorlar üçün nə ilə cəlbedici ola bilər?
— Qaqauziyaya investisiya qoymaq qanunla təşviq edilir. Məsələn, investorlar beş illik güzəşt müddəti əldə edirlər. Bundan əlavə, investorlar investisiya qoyduqları, yeni iş yerləri açdıqları zaman bütün vergilərin ödənilməsindən tam azad olunurlar. Cəlbedicilik, investisiya təhlükəsizliyinin təminatıdır. İnvestorla müvafiq müqavilə bağlanılır, sonra o Qaqauziya İcraiyyə Komitəsinin iclasında qəbul edilir və son mərhələdə Qaqauziya Xalq Məclisində təsdiqlənir. Bu, Qaqauziyanın icra və qanunvericilik hakimiyyətlərinin rəsmən birləşməsidir. Əməkdaşlığın perspektivli sahələrinə gəldikdə isə bu, geniş miqyas daşıyır və Qaqauziya milli iqtisadi kompleksinin bütün spektrini əhatə edir. Bölgənin iqtisadiyyatı, əsasən kənd təsərrüfatı sektoru ilə bağlıdır. Lakin iqtisadiyyatın, investisiyalar üçün cəlbedici olan digər sahələri, məsələn, əczaçılıq, mühəndislik və digər sektorları var.
— İnvestisiya mövzusunu davam etdirək. Qaqauz sahibkarların Azərbaycanda həyata keçirmək istədiyi layihələr varmı?
— Bizim biznes nümayəndələri üzümçülük sənayesinin inkişafında azərbaycanlı iş adamları ilə birgə əməkdaşlıqda maraqlıdırlar. Xüsusən də, yüksək keyfiyyətli şərab məhsullarının yeni bazarlara çıxarılması üçün birgə biznesin təşkili ilə maraqlanırlar. Yaxın gələcəkdə Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşu imkanları da yaranacaq. Çünki iqtisadiyyatımızın sabitliyi güclənir.
— Vaxtilə Moldovada Qaquziya problemi yaşanırdı. Bu barədə nə deyə bilərsiniz?
— SSRİ-nin dağılması postsovet məkanında bir çox problem yaratdı. Moldovada iki münaqişə var idi: Qaqauziya və Dnestryanı bölgə problemi. Biz qaqauzlar problemi sülh yolu ilə həll etməyə nail olduq. Bu gün deyə bilərik ki, bu postsovet məkanında çətin münaqişənin uğurla həll edilməsinin yeganə nümunəsidir. Hesab edirəm ki, bu model analoji münaqişələrin mövcud olduğu ölkələr üçün nümunə ola bilər. Bütün çətinliklərə və fikir ayrılıqlarına rəğmən, biz Moldovada sülh və əmin-amanlıq içində yaşayırıq. Biz sülh və millətlərarası razılığa töhfə vermək istədiyimiz üçün uzun illər ərzində Qaqauziya muxtariyyət modelini formalaşdırmışıq. Qaqauziyaya muxtariyyət statusu verilməsi ilə dövlətin ərazi bütövlüyünü qoruyan uğurlu birləşmə beynəlxalq ictimaiyyətin diqqətini qazandı.
Amma düşünürəm ki, bizim təcrübəmiz kifayət qədər öyrənilməyib. Əslində, moldovalılar qaqauzlara Moldova daxilində öz dövlətçiliyini yaratmaq şansı verdilər. Öz növbəsində Qaqauziya əhalisi də Moldovada dövlətçiliyin və bütövlüyün qorunmasını aktiv şəkildə dəstəklədi. Dnestryanı bölgə ilə bu birləşmənin hansı formada gedəcəyi uzun danışıqlar və qarşılıqlı güzəşt məsələsidir. Təəssüflər olsun ki, Qaqauziyadan fərqli olaraq Dnestryanı bölgədə qan axıdıldı, danışıqlar uzun müddət davam etsə də, ortada heç bir nəticə yoxdur. Bu, bizim ölkəmizin də ümumi iqtisadi vəziyyətinə təsir göstərir.
— Qaqauziyadakı azərbaycanlılar haqqında nə deyə bilrəsiniz. Orada Azərbaycan diasporu formalaşıbmı?
— Moldova çox da böyük olmayan dövlətdir və onun ərazisində yaxşı təşkil edilmiş Azərbaycan diasporu fəaliyyət göstərir. Biz yaxşı əməkdaşlıq edirik, tez-tez görüşürük, təcrübə mübadilələri edirik, mədəni layihələr həyata keçiririk. Azərbaycan diasporunun Moldova Respublikası və Qaqauziya rəhbərliyi ilə yaxşı əlaqələri olduğunu deyə bilərəm. Qaqauziya Azərbaycan diasporunun dəstəyi ilə dəfələrlə Azərbaycandan olan yaradıcı kollektivləri mədəniyyət evlərində qəbul edib. Görüşlər zamanı olan səmimi ab-hava bizim uzun illərə söykənən qardaşlıq əlaqələrimizdən və ötən yüzilliklərdən gələn ümumi tariximizdən xəbər verir. Bizim xalqımız qardaş Azərbaycan xalqına minnətdardır. Çoxillik dostluğun və dəstəyin əlaməti olaraq Qaqauziyada Şöhrət Xiyabanında Azərbaycanın görkəmli nümayəndəsi Heydər Əliyevin büstü qoyulub.