BAKI, 12 oktyabr — Sputnik. Bundan sonra pullu parklama yerlərinin yaxınlığında yaşayan bakılılar avtomobil dayanacaqlarından pulsuz istifadə edə biləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məsələ prezident İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb.
Sənəddə deyilir ki, yerli icra hakimiyyətləri (YİH) "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə uyğun olaraq, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün, onların müraciətinə əsasən, pulsuz parklanma yerləri ayırır və onlara fərdi parklanma talonu verir.
Bundan əlavə YİH fərdi parklanma talonuna dair məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsini təmin edir. Rayonun icra hakimiyyəti orqanları parklama yerlərini təyin etmək üçün öz fəaliyyətlərini yol polisi ilə koordinasiya etməlidir. Əsasnamədə göstərilir ki, YİH dövlət avtomobil yollarında parklanma yerlərinin təşkili ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflər verməlidir.
Məsələni şərh edən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov, sözügedən təşəbbüsü alqışladığını bildirib: "Azərbaycanda çoxdandır belə ağrılı vəziyyət hökm sürür ki, adamlar öz avtomobillərini yaşadıqları evin yaxınlığında park edirlər, lakin sonra öz maşınlarını cərimə meydançasında tapırlar. Bu, öz növbəsində avtomobil sahibləri ilə əlaqədar dövlət qurumları arasında çoxsaylı mübahisələrə səbəb olur".
"Baxmayaraq ki, bizim qanunvericilikdə, daha dəqiqini desək, "Yol hərəkəti haqqında" qanunun 53-cü maddəsində, dayanacaqlar, parklama yerləri və sairlə bağlı tələblər konkret müəyyən edilmiş standartlarla tənzimlənir, bəzi məqamlarda bu işə görə tərəflərin məsuliyyəti dəqiq göstərilmir" — deyə ekspert bildirib.
"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də iki vacib maddə əksini tapandan sonra heç kəs məsuliyyətdən qaça, evakuasiyaya və digər məsələlərə görə əbəs yerə günahlandırıla bilməyəcək. Allahverənov hesab edir ki, parklama talonu əldə etmiş vətəndaş maneəsiz şəkildə maşınını öz evinin qarşısında saxlaya bildiyi üçün rahat olacaq.
Sözügedən təcrübədən, artıq Bakıda iki dəfə istifadə edilib: I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi zamanı. O zaman şəhər rəhbərliyi stadionlara gedən yolları bağlamışdı, yalnız idman meydançalarının yaxınlığında yaşayan şəhər sakinlərinə keçid talonları verilmişdi.
Ekspertin fikrincə, bu yeniliklərdən sonra rayonların icra hakimiyyətləri artıq tikinti şirkətlərinə qarşı daha tələbkar olacaq və onları məcbur edəcəklər ki, gələcək evlərin tikintisi zamanı parklama yerlərini mütləq nəzərə alsınlar.
Bununla belə, qeyd etmək lazımdır ki, Bakıda ilk parkomatlar 2014-cü ildə peyda olub. Əgər əvvəllər avtomobil sahibləri öz avtomobillərini yol kənarlarında maneəsiz olaraq saxlayırdılarsa, indi hər saat üçün dayanacağa pul ödəməlidirlər. Bu hal xüsusilə öz avtomobili ilə işə gedən, yaxud Bakının mərkəzi küçələrində yaşayan sakinlər üçün uyğun deyildi.
Nəticədə sözügedən təşəbbüs şəhər sakinlərinin cibinə ciddi ziyan vurur. Avtomobil sahiblərinin bir hissəsi işə ictimai nəqliyyatda getməli, bir hissəsi isə qonşularına problem yaradaraq maşınları darısqal həyətlərdə gizlətməli olur. Bu problemi həll etmək üçün paytaxtın mərkəzində pullu yeraltı parklama yerləri yaradılıb.